Şəhid, qəhrəman İlqar
İlqara doğmadı Çaytumas kəndi,
Orda cücərərdi min arzu, dilək.
Qaçqın düşdü yurddan el-obam birdən,
Qəm doldu ocağa, puç oldu dilək.
Ruslar ermənini qızışdırdılar,
Ana torpağımı işğal etdilər.
Evlər viran oldu, ocaqlar söndü,
Düşmənlər yurduma şər gətirdilər.
Sürgünə döndü o , doğma yurd, məkan,
Binəqədi oldu qaçqın məskanım.
Bu acı tarixi mən necə danım ?
Otuz il gözlədik qələbə anın.
İlqar doğulmuşdu Binəqədidə,
Körpə baxışında parıldar vüqar,
Onda vardı inam, güclü iradə,
Çaytumas deyəndə qəlbi qan ağlar .
Qubadlının nurlu Çaytumas kəndi –
Onun ata-baba, doğma yurduydu.
Otuz il əsarət çəkmiş kəndini
Xilas edən bizim Milli Orduydu.
Qayıdardı tez-tez uşaq çağına –
Həkəri, Bərgüşad – ruhunun səsi.
Yayda dağa çıxar, gülər, danışar,
Torpaqla pıçıldar, duyar nəfəsi.
Silahı, nizəni sevdi erkəndən,
Vətənçün canını qurban verərdi .
Uşaqkən dağlarda gizlicə belə,
Əsgərə yeməklə könül verirdi.
Hərbidə seçildi, öndə gedirdi,
Forması, duruşu qürur gətirər.
Kəşfiyyat yoluydu onun hər izi,
Qorxmaz ürəklərin zirvəsiydi ər.
Tərtər səngərində, Gəncə yolunda –
Şücaət göstərdi İlqar hər zaman.
İgid kəşfiyyatçı – düşmən həmləsin,
Çətinliklə aldı cəsur , qəhrəman .
Komandir deyirdi: “Bu gənc seçilir –
Qanında alov var, ruhu da təmiz”.
Fəxri fərmanlarla dönsə də geri,
Yurd deyəndə qəlbi yanır biçilir.
İki mininci ilin yanvar ayında,
Bir mina partladı, qopardı canı.
Son əməliyyat – son nəfəs, son yol,
Qürurla bitirdi ömrün dastanı.
Məzarı Sumqayıt torpağındadır,
Qorudu Vətəni şəhid igidlər.
Ruhu da dolaşır dağlarda yenə
Bərgüşad sularında, üzür gecələr...
Qardaşı Vüqar da elmə baş əydi,
İsveçdə oxuyub haqqı səslədi:
“Azərbaycan adlı bir xalq var hələ,
işğala zülümə nifrət bəslədi.
Beş dildə danışdı, ürəklə yazdı,
Xocalı zülmünü yaydı dünyaya.
Diaspor yaradıb xalqın cəm etdi,
Çağırırdı Vüqar , yurd harayına.
İki min on birdə fələk zərbəsi,
Faciə gətirdi, sarsıldı yer də.
Amma adı qaldı tarixdə, eldə
İlqarla uyuyur Vüqar bir yerdə.
İki qardaş – biri qılınc, biri söz,
Adları tarixdə qalacaq hər an.
Vətəni qoruyan hər bir övlada,
İsti qucaq açar can Azərbaycan.
Rauf İLYASOGLU,
12.07.2025
Ana fəryadı, ata nisgili
Valideyn üçün ən ağır dərd yeniyetmə çağlarında iki oğul övladını itirməkdir.Bir övlad səngərdə silahla vuruşub şəhid oldu, digər övlad isə sözlə Azərbaycan həqiqətlərini dünyaya yaymaqla .
Əslən Qubadlı rayonu Çaytumas kəndindən olan şəhid İlqar Adil oğlu Əhmədov 1978-ci ilin aprel ayının 6-da Bakı şəhəri Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində dünyaya göz açmışdır.
Qısa ömür sürsə də mənalı və igidlik nümunəsi olan İlqar uşaqlıqdan həmyaşıdlarından fərqlənmiş, həmişə bir addım irəli, getməyi , öndə olmağı qarşısına prioritet seçmişdir.
Uşaqlıqdan dəcəl, istiqanlı,qaynıyıb qarışan biri idi.Yay tətilində tez-tez doğma Qubadlı rayonunun Çaytumas kəndində olan İlqar dağa dərəyə,əsrarəngiz gözoxşayan çəmənliklərə, gözəl səfalı bulaqlara,büllur axan Həkəriyə, Bərgüşada baxmaqdan yorulmazdı.
İlqar 8-ci sinfə qədər yaşadıqları Bakı şəhəri, Rəsulzadə qəsəbəsində yerləşən N. Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə oxumuş, 9-cu sinfi isə evdə ata- anasına çox təkitdən sonra doğma kəndləri Çaytumasa qayıtmış və orta məktəbini başa vurmuşdur.
Onun orta məktəb dövrü Qarabağ münaqişəsinin ən qızğın fazasına keçmiş dövrü əhatə edirdi.
Hərbiyə marağı çox idi.Nənəsi Qəndili və babası Soltan kişinin gözünün çırağı, şəhərdən gələn əmanət payı kimi İlqarı ovuclarının içində saxlayırdılar.Həmin dövrdə yeni yaradılmış Özünümüdafiə taborları heç bir maddi texniki təchizatla təmin olunmamış dövr idi.Kənddə camaat kimdə nə varsa, Orduya köməklik edirdi.Həmin vaxta İlqar kənddən lazım olan əşya,ərzaqları,meyvə, tərəvəzləri postda olan əsgərlərə aparır, onların istifadə etdiyi silahlarla tanış olur,postda duranlara köməklik edirdi.1993-cü ilin yazında İlqar yenidən Bakı şəhərinə qayıdır və Texniki Peşə Liseyinə daxil olaraq təhsilini davam etdirir.
Güclü, əzələli, enlikürək, hündürboy, yaraşıqlı idmançı bədən formasına malik İlqar yaşıdlarından çox fərqlənirdi.
Formaya həvəsi olan İlqar Peşə təhsilini yarımçıq qoyaraq 1995-ci ildə Azərbaycan Hərbi Dənizçilik Akademiyasının “Elektromexanika” fakültəsinə daxil olur.Qiyabi,rus dili bölməsi üzrə təhsil alan İlqar Bakıda yeni yaradılmış Xüsusi Təyinatlı Cangüdən kursuna yazılır.Kursda hər silahla atəş açmaq, əlbəyaxa döyüş üsulları, həmçinin müdafiə olunmaq sirlərini öyrəndi.
İlqarın şəxsi keyfiyyətləri, formaya,Vətənə olan marağı işğalda olan torpaqlarımızın azadlığı uğrunda can verməyi üstün tutdu.Hərbi Dənizçilik Akademiyasında təhsilinin sonuncu kursunu yarımçıq qoyaraq könüllü hərbi xidmətə yola düşdü.Əvvəlcə Gəncə şəhəri, sonra isə Tərtər rayonunda N saylı hərbi hissədə xidmət keçmişdir. İlqar xüsusi şücaəti və fərasəti ilə yaşıdlarından fərqlənirdi.Komandirləri Fəxri fərman və Təltifnamələrlə hətta evə məzuniyyət keçirmək üçün dəfələrlə İlqara icazə verilmişdir.
O, kəşfiyyatçı idi,tez-tez düşmənin arxa cəbhəsinə, daha dərinliklərə keçir, kəşfiyyat xəbərlərini hərbi komandanlığa çatdırırdı.
26 yanvar 2000-ci il tarixində növbəti əməliyyata gedərkən düşmən tərəfindən basdırılan minaya tuş gələrək qəhrəmancasına həlak olmuşdur.
Onun mübarək nəşi bir neçə gündən sonra ailəsinə təhvil verilmiş və Sumqayıt şəhər qəbristanlığında ailə məzarlığında dəfn olunmuşdur.Allah rəhmət eləsin!!!
Qardaşı Əhmədov Vüqar Adil oğlu 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.Vüqar İlqardan 8 yaş balaca idi.Ali təhsilli və savadlı idi.İlk Ali təhsilini Bakıda, Beynəlxalq Universitetin “İqtisadiyyatın İdarə Edilməsi” ixtisası üzrə, 2-ci Magistr təhsilini isə İsveçdə almışdır. Bir çox xarici dilləri bilən Vüqar Avropada Azərbaycan könüllü diasporası yaratmış və aktiv fəliyyəti ilə xaricdə yaşayan azərbaycanlıları öz başına toplamışdır.
O,rus,ingilis,türk,isveç,ispan dillərini sərbəst şəkildə bilir, Azərbaycan tarixini,
həqiqətlərini, yaxın keçmişdə başı bəlalı xalqımızın başına gətirilən soyqırımları bütün Avropaya çatdırırdı.
2011-ci ildə faciəvi şəkildə vəfat etmişdir.Ailə qəbristanlığında dəfn olunmuşdur. Allah rəhmət eləsin!!!
Leyla Soltan qızı Əhmədova ,
Şəhidin anası,
Adil Əhməd oğlu Əhmədov ,
Şəhidin atası .
Şəhid anasının , ürək ağrısını qələmə alarkən bu şeirlər qəlbimdən keçdi və istəkli oxuculara təqdim etməyi özümə mənəvi borc bildim;
Rauf İLYASOGLU
İki övlad dərdi
Leyla ananın dili ilə
Şəhid İlqar və Vüqar Əhmədov qardaşlarının əziz xatirəsinə həsr olunur
Dağlar başı duman idi, İlqarım,
Könlüm sənsiz yaman idi , İlqarım.
Vətən deyib gedən oğul, aslanım,
Torpaq səni erkən aldı İlqarım!
Qəhrəmanlıq yaraşır əməlində,
Silah gəzdirirdin uca belində.
Bayraq oldu şəhid qanı əlində,
Şanlı adın qalan oldu, İlqarım!
Ön cəbhədə açdın neçə yol, bərə,
Düşmənlə doluydu hər pusqu, dərə ,
Anan dua etdi sənə min kərə,
Sənsiz dünya yalan oldu, İlqarım !
Leyla ana köks ötürərək deyir,
Ananın önündə hamı baş əyir ,
Xəzərin ləpəsi qəlbimi döyür,
Hıçqırıq səslıri göyə yüksəlir.
"İlqarın şəhidlik taxtın qaldırdı,
Ana övladların görməyə gəldi,
İki oğlum nədən nəzərə gəldi?
Bu nisgil yandırıb qəlbimi dəldi
Bu dərdi dağ belə çəkə bilmədi,
Bağımı bağbanım əkə bilmədi,
Məni mən torpağa bükə bilmədi,
Leyla! Ümid yolun necə bağlandı ?
İlqarım dağ kimi durmuşdu o vaxt,
Deyərdi: “Ay ana, məni də burax!”
Vətəni qorumaq onunçün bir taxt,
Oğlum bu Vətənə yadigar qaldı...
Vüqarım – oxumuş, haqqı deyən dil,
Sözlə savaşardı – elə bir vəkil.
O da gəldi məni görmək üçün, bil...
Qucaqladım – qəfil dondu nəfəsim...
Fələk cüt yavruma bir məzar qazdı,
Biri ağ ömrünü yandırıb yazdı,
Mən də bu dərdlərlə gecəmi yazdım – .
Qalmadı gözümdə bir daha carə.
Əllərim titrəyir, şəkil, qucağım,
Külək qıfl əsdi, söndü ocağım.
Bir ana övladsız solubdu bağım,
Qırılıb sağ qolum, ömrüm, dayağım .
Ananın fəryadın dinləyən zaman,
İstədim Rəbbimdən mən azca aman,
Rauf da sarsıldı , gör necə yaman ,
Yazdı ,unutmasın el - oba bizi
Qoru uca Rəbbim hər birimizi .

Rauf İLYASOGLU.