SON DƏQİQƏ

Zəfər Gününə həsr olunmuş tədbir – Qürur və Minnətdarlıq Günümüz-FOTO

Tarix:8-11-2025, 22:47

8 Noyabr – Zəfər Günü münasibətilə 22 nömrəli Həzi Aslanov adına tam orta məktəbdə möhtəşəm və duyğulu bir tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin müqəddəs xatirəsini anmaq, gənc nəslin qəlbində vətənpərvərlik ruhunu daha da gücləndirmək olub.
 
Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi ilə yanaşı, bir sıra qonaqlar da iştirak ediblər. Qonaqlar sırasında Elvin Yahyazov Fədail oğlu, İbrahim Yahyazov Mehman oğlu və Səbuhi Süleymanov Mustafa oğlu da yer alıblar. Onların tədbirdə iştirakı məktəbin gəncləri ilə maraqlı və səmimi mühit yaradıb.
 
Eyni zamanda, şəhid ailələrinin nümayəndələri də tədbirə dəvət olunublar. Şəhid Vüqar Məmmədovun anası Əsmər xanım, şəhid Murad Məmmədovun anası Elza xanım, şəhid Elmaz Nəsibovun anası Süəyyə xanım, şəhid Orxan Məmmədovun anası Nəzəkat xanım, eləcə də şəhid Rəhim Dadaşovun anası Yetər xanım tədbirdə iştirak edərək övladlarının xatirəsinə ehtiramla həsr olunmuş çıxışları dinləyiblər.
 
Məktəbin şagirdləri tərəfindən hazırlanan Zəfər Gününə həsr edilmiş şeirlər, ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri tədbirə xüsusi bir mənəvi dərinlik qatıb. Şagirdlərin ifasında səslənən vətən, bayraq və şəhidlik mövzulu çıxışlar iştirakçılara unudulmaz anlar yaşadıb.
 
Tədbir zamanı 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin əhəmiyyəti vurğulanıb, şəhidlərimizin ruhuna dualar oxunub. Məktəb rəhbərliyi və qonaqlar ölkəmizin qəhrəman övladlarının göstərdiyi igidliyin gələcək nəsillər üçün əbədi örnək olduğunu qeyd ediblər.
 
22 nömrəli Həzi Aslanov adına tam orta məktəbdə keçirilən bu tədbir bir daha sübut etdi ki, xalqımız öz şəhidlərini unutmur və onların qəhrəmanlıq salnaməsi hər zaman qəlblərdə yaşayacaq. Zəfər Günü – müstəqilliyimizin, birliyimizin və Azərbaycan xalqının əzmkarlığının rəmzi kimi tarixə yazıldı.
Tədbirin təşkilatçısı Yüzbəyova Fərqanə, uşaq birliyinin rəhbəri  Dadaşzadə Gülnar, məktəbin direktoru Tahirə Səfərovadır. 



 
Əziz Əzizov                                           
Fəal gənc

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ