SON DƏQİQƏ

Şəhid Balaş Dövlətovun döyüş Yolu: Vətənə sevgi və fədakarlıq nümunəsi- FOTO

Tarix:19-11-2025, 09:53

Nədiş və Balaş Dövlətovların həyat hekayəsi, vətənə bağlılığın, qardaşlıq sevgisinin və əsl fədakarlığın canlı nümunəsidir.  Hər iki övladı, vətən yolunda canlarını fəda edərək Azərbaycan tarixində silinməz izlər buraxmışdır.Nədiş Dövlətovun həyatında vətən sevgisi hər zaman ön planda olmuşdur. O, 1993-1994-cü illərdə Ağdamın Güllücə, Paprəvənd, Cəvahirli, İlxıçı və digər kəndlərinin erməni işğalçılarından azad olunması uğrunda gedən qanlı döyüşlərdə fəal iştirak etmişdir. Bu mübarizənin hər anında onun ürəyində yanan vətən ocağı heç sönməmişdir.
Bu mübarizənin bir başqa qəhrəmanı isə onun qardaşı Balaş Atakişi oğlu Dövlətov idi. Balaş, 1992- ci ildə, hələ bir ildən çox idi ki, Rusiyanın Murmansk (Marskoy Florida) şəhərində hərbi xidmətini yerinə yetirirdi. Lakin Bakıda baş vermiş  20 Yanvar faciəsi və Xocalı soyqırımı Balaşın qəlbini dərin sarsıtmışdı. Keçmiş imperiyanın dağılmaqda olduğu bir vaxtda, o, komandirinin yanına gedərək vətənə dönmək üçün icazə istəyir. Şükürlər olsun ki, insaflı bir komandir ona bu arzunu həyata keçirməyə şərait yaratdı.
Azərbaycana qayıdan Balaş Dövlətov, Lerikdə və Xəzər rayonu Binə qəsəbəsində qardaşları və bacıları ilə görüşdükdən sonra könüllü olaraq birbaşa cəbhə bölgəsinə yollanır. Vətən yolunda mərdliklə mübarizə aparan Balaş, dəfələrlə ölümlə üz-üzə gəlməsinə baxmayaraq, ruhundan heç bir zəifləmə hiss olunmurdu. Təəssüf ki, 1994-cü ildə Tərtərin Cəmilli kəndi yaxınlığında gedən qanlı  döyüşlərdə şəhidlik zirvəsinə ucaldı .
Balaş Dövlətovun döyüş yolu vətənə bağlılıq, cəsarət və fədakarlığın ən parlaq simvoludur. 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi qanlı hadisələr onun ruhunda dərin yara açmış, onu vətən uğrunda mübarizəyə səfərbər etmişdir. Komandirinin dəstəyi ilə vətənə dönməsi onun əsl vətənpərvər ruhunu göstərir.
Onun məzarı Lerik rayonunun Vılık kəndində yerləşir və həmin kənddəki məktəb onun adını daşıyır. Lakin böyük qəhrəmanın xatirəsi uzun müddət layiqincə yad edilməmiş, məzarı baxımsız qalmışdı, hətta baş daşında “Şəhid” sözü belə yazılmamışdı. Bu haqsızlıq Nədiş Dövlətovun qəlbini sızladaraq onu mübarizəyə sövq etdi.
Nədişin səyi nəticəsində, mən — bu sətirlərin müəllifi — məsələni geniş şəkildə işıqlandırdım. Sağ olsun Lerik rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, şəhidin məzarının abadlaşdırılması üçün icra hakimiyyətinin   vəsaitindən istifadə edərək,  bu nəcib işə böyük dəstək göstərdi.
Döyüşlərdə şəhid olan Balaş Dövlətovun ailəsində 7 qardaş və 3 bacı vardı. Ataları Atakişi Dövlətov zəhmətkeş, anası Şahsənəm xanım isə igid oğullar yetişdirən qəhrəman bir ana kimi xatırlanır. 1994-cü ildə Balaşın şəhid olması ailə üçün böyük faciə idi. İki il sonra, 1996-cı ildə atalarının ürəyi bu ağır acıya tab gətirməyərək partladı, Şahsənəm xanım isə ağlamaqdan gözləri tutuldu.
Nədiş Dövlətov isə qardaşının xatirəsini yaşatmaq, şəhidlərin haqqını qorumaq üçün uzun illər mübarizə apardı. O, həm Vətən müharibəsi veteranı, həm də şəhid qardaşının xatirəsini əziz tutan bir insan kimi xalq arasında böyük hörmət qazanmışdır.
Bu gün mən özümü xoşbəxt sayıram ki, uçuq vəziyyətdə qalmış bir məzarı abadlaşdırmaq üçün az da olsa əməyim olub. Ən böyük təşəkkür isə bizi diqqətlə dinləyən və şəhidlərin xatirəsinə hörmət göstərən Lerik rayon icra hakimiyyəti başçısı Əkbər Abbasova düşür.
Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin, qazilərimizin və igid ordumuzun qanı, canı bahasına Vətən torpağı azad edilib. Bu böyük qələbəni bizə yaşadan şəhidlərimizə borcluyuq. Onların fədakarlığı heç vaxt unudulmayacaq.



Rauf İLYASOĞLU,
"Həkəri" qəzetinin baş redaktoru, şair- publisist.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ