Birinci Qarabağ müharibəsinin şəhid statusu almış itkini Elşad Mətləb oğlu Bağırova (04 fevral 1976-cı il, Laçın şəhəri) həsr olunur.
Mən uşaq olarkən ən çox izlədiyim və sevdiyim müharibə məzmunlu filmlərimizdən biri böyük rejissorumuz Ənvər Əblucun “Ağ atlı oğlan” filmi idi. İndiki zamanımızdan 30 il öncə, müharibənin bitib özü ilə yeni, amma bizim üçün acı reallıq gətirdiyi günlərdə çəkilən bu film, məncə, gələcəyimiz olan uşaqların vətənpərvərlik hisslərinin yüksəldilməsində ən böyük rol oynayan filmlərimizdən biridir. Təbii ki, əgər bununla bağlı bir siyahı yaratsaq, ilk olaraq böyük rejissorumuz Vaqif Mustafayevin və böyük sənətkarımız Ceyhun Mirzəyevin ərsəyə gətirdiyi “Fəryad” filminin adını çəkməliyik. Çünki “Ağ atlı oğlan”ı, “Fəryad”ı, eləcə də digər filmlərimizi böyük ürək ağrısı ilə izləyən o uşaqlar o filmlərdən özlərinə böyük nəticələr və bir ümid işığı götürüb böyüdülər. Böyüdülər və vaxtı gələndə canlarından çox sevdikləri Vətənlərinə canlarını qurban verdilər. Məqaləmin ilk cümlələrini bu cür başlamağım təsadüfi deyil. Bəli, bir qəhrəmanlıq dastanı Vətən övladlarına aşılanaraq öz növbəsində bir çox qəhrəmanlıq dastanlarının yaranmasına vəsilə oldu. Amma bizə görə nə “Fəryad”, nə də “Ağ atlı oğlan” film deyildi, ssenari deyildi. O dövrdə yaşamış və Vətənə həyatını ya şəhid, ya qazi kimi fəda etmiş qəhrəmanlarımız öz həyatları ilə neçə-neçə belə filmlərə, ədəbi əsərlərə ilham olmuşdular. Bu gün biz həmin ağ atlı qəhrəmanlardan birinin – 31 avqust 1993-cü ildə Qubadlının işğalı zamanı itkin düşmüş Elşad Mətləb oğlu Bağırovun taleyindən, qəhrəmanlığından xəbərdar olacağıq. Hansı ki o, 16 yaşında məktəbdə lövhəyə çıxıb dərs danışmalı olduğu halda öz ağ atına minib getdi və bir daha geri qayıtmadı. Özündən geriyə nə nəşi qaldı, nə də ağ atı, amma bircə şərəfli qəhrəman adı qaldı... Az yaşı ilə böyük igidliklər göstərmiş qəhrəman...
Gəlin, onun qısa, amma şərəfli həyat və qəhrəmanlıq yolunu bacısı Təranə xanım Bağırovadan öyrənək: “Mənim qardaşım Elşad Mətləb oğlu Bağırov 4 fevral 1976-cı ildə Laçın şəhərində anadan olub. Ermənilərlə münaqişə başlayan gündən atam Mətləb Əkbər oğlu Bağırov Laçının özünümüdafiə batalyonu ilə birlikdə əlinə silah alaraq cəbhə bölgələrinə gedirdi. Hər dəfə evə silah gətirəndə Elşada təmizlətdirərdi, silahı necə işlətməyi ona başa salardı, ermənilərin vəhşiliklərindən danışardı. Elşadın vətənpərvər böyüməsində atamın rolu çox böyük idi. 1992-ci ilin mayında Laçın işğal olunanda Elşad Laçında 2 nömrəli məktəbin 9-cu sinfində oxuyurdu. Hamı kimi biz də evimizdən, elimizdən məcburi köçkün düşdük. Biz Xırdalan şəhərində məskunlaşdıq”.
Atam Elşadın sənədlərini Xırdalan şəhərində yerləşən Laçın məktəbinə verdi. Amma o, hər dəfə cəbhəyə gedəcəyini, Laçının azadlığı üçün əlindən gələn köməyi edəcəyini, hətta qaçqın damğası ilə yaşamayacağını deyirdi. Hərdən cəbhədə olan qardaşımın hərbi paltarını geyinib gedirdi. Sonradan bildik ki, könüllü batalyonda təlimlərə gedirmiş. 1992-ci ilin noyabrında ― orta məktəbin 10-cu sinfinə yeni başlayan vaxt Elşad könüllülərlə birlikdə cəbhə zonasına gedir. Qəribəsi o idi ki, atam onunla, onun Vətəni qorumağa getməsi ilə qürur duyurdu və Elşad ilə fəxr edirdi. Elşad evimizin sonbeşiyi, hamımızın istəklisi idi. Anam Ramilə Rüstəm qızı Abbasova qardaşımın dərdinə dözmədi, ona görə də atam qardaşımı 4 aydan sonra gedib Füzulidən evə gətirdi. Amma bir ay keçməmiş qardaşımın dalınca hərbçilər gəlib yaxşı hərbçi olduğuna görə atamdan icazə alıb onu apardılar”.
“Qubadlı işğal olunan zaman bizə xəbər gəldi ki, Elşad 4 hərbçi ilə birlikdə tankla yaralı çıxarmağa gedib və itkin düşüb. 2 ay atam və qardaşlarım cəbhə bölgələrində, morqlarda, xəstəxanalarda onu axtardılar. Atam öz övladının həsrətindən infarkt keçirdi, yatdı, durmadı. Böyük qardaşım Adil də infarkt keçirib 52 yaşında vəfat etdi, özü Səbail Rayon Polis İdarəsində işləyib təqaüdə çıxmışdı. Qardaşım Əkbər müharibə veteranıdır. Elşad N saylı briqadada, Vaqif Cavadovun könüllülər dəstəsində döyüşüb və 31 avqust 1993-cü ildə Qubadlının işğalı zamanı itkin düşüb. Qardaşım babamızın taleyini yaşadı. Babamız Rüstəm Abbas oğlu Hüseynov da II Dünya müharibəsində böyük qəhrəmanlıqlar göstərmiş və itkin düşmüşdü. Son olaraq onu deyə bilərəm ki, Elşada görə anam və böyük qardaşım gözü yolda vəfat etdilər. Biz geridə qalanlar isə ömrümüzün axırına qədər onun bir gün sağ-salamat qayıtmağını gözləyəcəyik...”.
Bəli, mənim məqaləmin əvvəlində bildirmək istədiyim fikir elə bu idi. Təsadüfi deyil ki, “Fəryad” filminin sonunda erməni qəsbkarlarının içində min bir fitnə-fəsad törətdikləri evləri dağılır, sonra gözəl bir havanın fonunda, göz oxşayan yerdə qabaqdan bir ağ atlı qəhrəman çıxır və qara atlı düşmənin önünə gəlir. Bir saniyə sonra biz qara qüvvələri təmsil edən qara atlı düşmənin al qanlar içində yerdə yatdığını və ağ atlı qəhrəmanın qılıncını bizlərə göstərib qaliblərə xas bir duruşla düşmənin meyidinə baxdığını görürük. Filmin uzaqgörən yaradıcıları bununla öz ümidlərini belə bildirirdilər ki, indi varlığı qeyri-müəyyən olmuş o ağ atlı qəhrəman bir gün həmişə olduğu kimi meydana gələcək və Vətənin bu dar günündə öz düşmənini yerə sərəcəkdir. Ağ atlı qəhrəmanlar Qarabağı düşmən işğalından azad edib şəhidlərimizin, itkinlərimizin qisaslarını layiqincə aldılar. Vətənimizin bu xoş günündə Bağırovlar da, biz də inanırıq ki, bizim ağ atlı qəhrəmanımız – Elşad Mətləb oğlu Bağırov bir gün “Fəryad” filminin sonluğundakı o qəhrəman kimi qaliblərə xas duruşla bizlərə qayıdacaq! Azərbaycan xalqı yaşına yaraşmayan, amma qeyrətinə yaraşan qəhrəmanlıqlar etmiş oğlunun yolunu hər zaman gözləyəcək, bu müddət ərzində onu unudulmağa qoymayacaq! Elşad kimi gənc Vətən övladları təkcə ağ atı ilə yox, qələmi ilə, biliyi ilə, varlığı ilə Vətən yolunda durmadan çalışacaqlar!
Var olsun layiqli Vətən övladları, var olsun Vətən!







Sevindik Nəsiboğlu
Milli Aviasiya Akademiyasının tələbəsi, şair-publisist, AJB üzvü
21.11.2025.