Daxili Qoşunların xüsusi təyinatlı əsgəri şəhid Cahangir Hətəm oğlu Surxayzadənin (9 iyul 1996-cı il, Tərtər rayonu, Qaynaq kəndi – 9 noyabr 2020-ci il, Şuşa şəhəri) əziz xatirəsinə həsr olunur.
Yaşadığımız bu dünya milyonlarla illər ərzində saysız-hesabsız insana məskən olmuş, onları şəfqətli qollarına almış, böyütmüş, boya-başa çatdırmış, həyat vermiş, ümid vermiş, sonra isə günü gələndə vaxtsız olub-olmamasından asılı olmayaraq əbədi şəkildə öz qoynuna almış, torpağına tapşırmışdır. Həyatın qanunu belədir. Neçə-neçə insanlar hər gələnin baxıb getdiyi bir pəncərə olaraq adlandırılan dünyadan gəlib-keçdi, kimi yaxşı əməlləri ilə, kimi pis əməlləri ilə, kimi şeytana uyaraq, kimi Allahın və onu sevən möminlərin çəkdiyi yol ilə gedərək tərk etdi bu dünyanı. Kimi ölümü unudaraq hətta öz sevdikləri ilə belə qanlı-bıçaqlı yaşadı, kimi bu dünyada əvvəl-axır ölümün var olduğunu bilərək ölümdən qorxmasa belə hamı ilə dost, qardaş münasibəti saxladı. Nə etmələrindən və necə etmələrindən, bu dünyanı necə yaşamalarından asılı olmayaraq bu fani dünyadan milyonlarla, hətta milyardlarla insan gəlib-gedib. Bu dünyada heç kəs qalmayacaq. Lakin əsas insanın bu dünyada cismani deyil, etdiyi saleh əməllərlə, yaşadığı və yaşatdığı gözəl günlərlə qəlblərdə qalması, əbədi şəkildə yaşamasıdır. Dahi ədibimiz Cəlil Məmmədquluzadə demişkən, insan gərək öləndən sonra da ölməyə. Həyatın mənası da məhz budur. Yəni insan yaşadığı zaman bu həyatı yaxşı, düzgün, gözəl yaşamalı, hər kəsin qəlbində müsbət mənada dərin iz buraxmalıdır. Elə buna görə də insan cismən olmasa da yaşayır və əbədi qalır. İnsan əqli o qədər inkişaf etməyib ki, bu dünyadan gəlib-keçən milyardlarla insanın hamısının adını əzbər bilsin, həyat yolu ilə tanış olsun. Çünki o insanlar sonda unudulub gedir. Hətta öz ailəsi də anım günlərində güclə o insanları xatirlərinə gətirirlər. Lakin unudulmayan və əbədiyaşar olan insanlar da var. O əbədiyaşar insanlar şəhidlərdir! Hansı ki öz canlarını vətən yolunda, xalq, millət yolunda fəda edir, ölümləri ilə ölümsüzlük qazanırlar. Hansı ki öz torpaqlarının gələcəyi yolunda öz gələcəklərini qurban verir, öz arzularını ürəklərində qoyur, həyat işıqlarını söndürürlər. Əgər bir əsgər Allah yolunda etdiyi cəngin sonunda ölümün olduğunu bilə-bilə qorxmaz və mətin addımlayırsa, fədaidir, əgər artıq bu yolda özünü qurban veribsə, deməli, şəhiddir. Bu gün də hər zaman olduğu kimi bir fədaimizin, bir şəhidimizin çoxlarına müsbət mənada nümunə olacaq həyat yoluna işıq tutmağa çalışacağam. Bu şəhidimiz Daxili Qoşunların xüsusi təyinatlı hərbçisi, 44 günlük şanlı Vətən müharibəsinin 44-cü günündə Şəhidlik Zirvəsini fəth edən şəhid Cahangir Hətəm oğlu Surxayzadədir!
Cahangir Surxayzadə 9 iyul 1996-cı ildə Vətənimizin dilbər guşələrindən biri olan Tərtər rayonunun Qaynaq kəndində anadan olmuşdur. Bir Tərtər sakini kimi ağlı kəsəndən öz doğma yurdu haqqında valideynlərindən və qohumlarından məlumat alan, öyrənən Cahangir tezliklə o dövrün acı reallıqları ilə qarşılaşacaqdı. Bu acı həqiqət onu ömür boyu tərk etməyəcək, onunla bir yerdə, sirdaş kimi qalacaqdı. Cahangir bu ağrı-acını sona qədər özü ilə saxlayacaq, daşıyacaqdı. Ancaq bu dərdi, acını özü ilə aparmayacaqdı, aparmaq istəməzdi, bunu edə də bilməzdi o. Bu Vətənin ona ümidi var idi. Təkcə öz ailəsinin yox, yurdunun da ümidi, gələcək dayağı, düşmən çəpəri idi Cahangir. Elə ona görə də doğulduğu zaman ona bu adı qoymuşdular. Cahangir gələcəyin müzəffər igidi, cəngavəri idi. Allah adı kimi özü də qəhrəman olacaq olan körpə Cahangiri pənahında saxlayacaqdı. Onu gələcəyin 2908 şəhidi kimi fədailiyə öyrəşdirəcək, hazırlaşdıracaqdı.
Doğulduğu kənddə yerləşən orta məktəbdə təhsil alan Cahangir 11 illik müddətdə öz dərslərinə çox yaxşı hazırlaşmış, məktəbli yoldaşları və müəllimlərinə səmimi və doğma münasibət göstərmişdi. Uşaq yaşlarından çalışqan, əməksevər və zəhmətkeş olan Cahangir dərslərini yaxşı oxuyub, orta təhsilini uğurla başa vurub vətəninə, millətinə xeyirli bir övlad olmaq istəyirdi. Buna onun özü kimi ailəsi də, müəllimləri də inanırdı. Cahangir hər kəsin sevimlisi idi. Elə məktəbdə təhsil aldığı illərdən bəri öz ailəsini sevindirir, anasının, atasının başını uca edir, gələcəyə inamla yaşayırdı. Məktəbin yuxarı pillələrində, yəni yuxarı siniflərində təhsil aldığı zaman Cahangir öz yurdunun tarixi ilə bir daha yaxından tanış oldu. Anasından, atasından aldığı məlumatları uzun müddət öz gözlərində canlandıran Cahangir tarix dərsliklərində vətən oğullarının, qızlarının yadelli qaniçən işğalçılar tərəfindən başına gətirilən faciələri şəkilli sübutlarla öz gözləri ilə görürdü. O, bilirdi ki, doğulduğu vətən torpağı – qəhrəman Tərtəri hər kəs ikiyə bölünən Azərbaycana, Araz çayına bənzədir. Onun bir tərəfi bizdə qalmışsa da o biri tərəfi yadelli caynağındadır. Səfalı Suqovuşan, Talış, şəhidlərimizin qanı ilə suvarılan qara günlü Ağdərə illərlə öz Tərtərindən ayrı düşüb. O dövrün reallığı belə idi. Cahangir bu həqiqəti yalana çevirmək, yeni reallığı yaratmaq istəyirdi. Bir yeniyetmə olaraq gəncliyə addım atacağı, hələ təzə formalaşdığı illərdə Cahangir öz seçimini etmək istəyirdi. Öz gələcəyini elə bu məktəb yollarında fikirləşmək, həyatının qərarını vermək istəyirdi.
Elə də etdi Cahangir. Hər vaxt olduğu kimi məktəbi bitirəndən sonra yollandığı hərbi xidmət illərində də vətən eşqi ilə birgə Qarabağ ağrısını, yurd həsrətini, qisas alovunu qəlbində daşıdı. Qəhrəman Tərtər torpağının bizdə qalan son daşını da əlinə alıb var gücü, qüvvəsi ilə o tərəfə keçmək və elə o daşı düşmənin düz mənfur sifətinə tuşlayıb onu al qana boyamaq istəyirdi. Cahangirin doğulub boya-başa çatdığı Tərtərin təmas xəttinə yaxın hissəsində xalqımızın qeyrətli oğlu Mübariz İbrahimov illərlə bütün hirsimizi, əsəbimizi, qisas yanğımızı bir gecənin içində onlarla erməni mənfurundan çıxmışdı. O vaxt Cahangir hələ yeniyetmə idi. Amma əsgər olub vətən torpağını, vətən sərhədini qoruyanda da o xəbəri aldığı zaman keçirdiyi hisslər onu tərk etmirdi. O, hər gün əynində hərbi geyim və əlində silahla vətən torpağının keşiyini çəkərkən məktəb illərinin əsas qəhrəmanını – Milli Qəhrəmanımız Mübariz İbrahimovu və onun qəhrəmanlığını düşünürdü. Onu böyük igid, həm öz adı, həm də qəhrəmanının adı kimi – cahangir və mübariz bir şəxsiyyət kimi anır, həm qürurla, həm də qibtə ilə yanaşırdı. Böyük ürəyinə darlıq verən yatmış şir oyananda hisslərinə qalib gəlməkdə çətinlik çəkir, o da Mübariz kimi, elə Mübarizin dediyi kimi bacardığı qədər mənfur düşmənlərin üzərinə getmək istəyirdi. Cahangirin xidmətini tamamladıqdan sonra bir an belə dözə bilməyib yenidən ordu sıralarına qayıtmasına təəccüblənə bilmir insan. O, həyatını, amalını, mübarizəsini, bir sözlə, özünü, öz cahangirliyini Daxili Qoşunlarımızın xüsusi təyinatlı dəstəsində tapmışdı. Ona əsl cahangirlik, mübarizlik, cəngavərlik, ən əsası, hər kəsə nəsib olmayan şəhidlik adını verən böyük haqq savaşına qatılmazdan əvvəl Cahangir Surxayzadə elə həmin xüsusi təyinatlı dəstədə atıcı-meteomüşahidəçi vəzifəsində xidmət edirdi.
Azərbaycan xalqının tarixinə əbədi yazılan, yüz illər, min illər keçsə də heç bir qüvvənin izini silə bilməyəcəyi şanlı Vətən müharibəsinin başladığı o gün – 27 sentyabr 2020-ci ildə Cahangir Surxayzadə canından çox sevdiyi Vətən uğrunda, Qarabağımızın, onun qisasının, alnımıza yazılan məğlubluq damğasının silinməsi yolunda çox uzun, çətin, eyni zamanda şərəfli bir mübarizəyə başladı. 30 il ərzində hamı kimi Cahangirin də ürəyində, qəlbində bir arzu var idi. Axı bizim alınmaz qalamız – Şuşamız var idi və o, nahaqdan düşmənlərin tapdağı altında qalmışdı, inləyirdi, haraya çağırırdı. Hər bir vətənpərvərin arzusu oranın azadlığı olmalı idi. Təsadüfi deyil ki, Ali Baş Komandanımız cənab İlham Əliyev öz müsahibəsində “Şuşasız işimiz yarımçıq qalar” demişdi. Haqq işimizin yarımçıq qalmaması üçün işğalı ilə hamımızı yandıran, ürəyimizi şan-şan edən Şuşa azad olunmalı, düşmənin beli qırılmalı, qisasımız alınmalı idi.
Heç kəs əksini iddia edə bilməz ki, cənab Ali Baş Komandanın o vaxt ürəyini təkcə biz yox, həm də Cahangir oxumuşdu. Ona görə müharibənin ilk günündən “Yolumuz Şuşayadır” deyərək bu haqq yoluna çıxmışdı. Cahangir ürəyində hər an düşünürdü ki, bu yol Şuşada bitməlidir və bitəcəkdir. Nə olursa, olsun... O, həyatda olsa da, olmasa da...
Amma təbii ki, hər bir əsgərimiz kimi haqqında bu yazını qələmə aldığım qəhrəmanımız da o şanlı yolun sona yetdiyi, Şuşamızın bizlərə qovuşduğu günü öz gözləri ilə görmək istəyirdi. Əslində, bu 44 gün, müharibə üçün qısa görünsə də həsrətimizin vüsalı üçün çox uzun olan yolu da Cahangir bu muradla gedirdi. Şuşa torpağına ayaq basmaq, onu əlləri ilə köksünə sıxmaq, sonda da ora bayrağımızı əlləri ilə sancmaq... Hansı vətən oğlu bu arzudan keçərdi!?
Bu vaxta qədər ürəyimdə saxlayıb sətirlərə sığdırmağa çalışdığım sözlərim elə bu vaxt düyünlənir... Məsələ burasındadır ki, Füzulidən Şuşaya kimi hamımızın “Zəfər yolu” adlandırdığı yolu son damla qanına kimi keçmiş Cahangir çox arzularından keçsə də Şuşa arzusundan, arzumuzdan keçmədi və elə bu yolda da canından keçdi... O vaxt təqvimlər 9 noyabr 2020-ci ili göstərirdi. Hansı ki o günün səhəri xalqımız bu qədər vaxt ərzində Cahangirin və onunla birgə saysız-hesabsız, tanıdığı-tanımadığı cahangirlərin, qəhrəmanların uğrunda canından keçdiyi Şuşamızın, nəhayət, düşmən tapdağından azad olunduğu xəbəri ilə sevinəcəkdi... Heyif ki, o sevinc nə Cahangirə, nə də ailəsinə nəsib oldu. Bu xəbər Cahangirə canı, ailəsinə isə onunla keçirəcəyini arzuladığı neçə-neçə gözəl günlər bahasına başa gəldi. Qəhrəmanımız Cahangir Surxayzadə mənfur düşmənlərimizin təslim olduğu 10 noyabr günündə doğulduğu Tərtər rayonunun Qaynaq kəndində torpağa tapşırıldı.
Biz Cahangirin 44 gün boyunca uğrunda irəlilədiyi və torpağında qanını töküb canını verdiyi Qarabağ, Füzuli, Şuşa torpağından, Zəfər yolundan keçdiyimiz hər vaxt təkcə Cahangir Surxayzadəni yox, onun kimi şəhidliyə ucalan neçə-neçə qəhrəmanlarımızı xatırlamalıyıq. Bilməliyik ki, onların bu yolu bundan sonra neçə dəfə keçməyə haqları var idi. Onlar bu haqqı bizə verdilər ki, biz də onları heç zaman unutmayaq, xatirələrini layiqincə əziz tutaq, şəhidlikləri qədər əbədi edək. Mən buna əminəm ki, belə də olacaq. Xalq öz qəhrəmanını heç vaxt unutmayacaq! Şuşa öz Cahangirini hər vaxt, hər saat öz mavi səmasında bağrına basacaq! 


Sevindik Nəsiboğlu
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü
19.12.2025