SON DƏQİQƏ

Şəhid Fəxri Qəribzadənin xatirəsinə

Tarix:9-01-2026, 11:01

Şəhid Fəxri Qəribzadənin xatirəsinə. 
Hörmətli tədbir iştirakçıları, əziz müəllimlər, valideynlər və gənclər!
Bu gün biz Vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızdan birini — Şəhid Fəxri Qəribzadəni ehtiramla anmaq üçün bir araya gəlmişik.
Fəxri Qəribzadə 10 yanvar 1994-cü ildə Bərdə rayonunun Güloğlular kəndində dünyaya göz açmışdır. O, uşaqlıqdan vətənpərvər, zəhmətkeş və məsuliyyətli bir gənc kimi böyümüşdür. Ailəsinin, yaxınlarının və onu tanıyan hər kəsin qəlbində Fəxri mərdliyi və səmimiyyəti ilə iz qoymuşdur.
2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının tarixinə şanlı zəfər səhifəsi kimi yazıldı. Bu zəfərin əldə olunmasında Fəxri Qəribzadə kimi igid oğulların payı danılmazdır. O, Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmiş, son ana qədər Vətəninə sədaqətlə xidmət etmişdir.
Fəxri Qəribzadə 10 oktyabr 2020-ci ildə Tərtər–Ağdərə istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Onun bu müqəddəs yolu Azərbaycanın azadlığı və ərazi bütövlüyü naminə atılmış ən ali addım idi.
Prezident İlham Əliyevin sərəncamı ilə Şəhid Fəxri Qəribzadə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Bu təltiflər onun göstərdiyi qəhrəmanlığın dövlət səviyyəsində təsdiqidir.
Bu gün biz fəxrlə deyirik ki, Fəxri Qəribzadə yalnız ailəsinin deyil, bütün Azərbaycan xalqının oğludur. Onun adı tariximizdə əbədi yaşayacaq, göstərdiyi şücaət gənc nəsillər üçün örnək olacaqdır.
Ruhu şad olsun!

Şəhidlər ölməz, Vətən bölünməz!

Rauf İlyasoğlu. 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ