Şəhid əsgər Şahmuraz Əyyub oğlu Hümbətzadənin (8 sentyabr 1998-ci il, Bərdə rayonu, Cəyirli kəndi – 23 oktyabr 2020-ci il, Ağdərə) əziz xatirəsinə.
Yaşından, təvəllüdündən asılı olmayaraq indi yazdığım sətirləri oxuyan hər kəsdən bir xahişim var. Bir anlıq elə fikirləşin ki, 22 yaşlı bir oğlansınız. Həyat yollarında hələ çox təzə, hələ çox gəncsiniz. Adətən, bu yaşlarda hər kəsin arzusu yaşını ifadə edən ədəddən qat-qat çox olur. Təbii ki, arzular hər zaman saysız-hesabsızdır, ancaq gənclik arzuları tam başqa olur. Gözəl bir ailə həyatı, gözəl bir ev, iş, təhsil, yeni-yeni dost-tanışlar və s. Ən əsası, “necə ən rahat həyatı tapmaq və yaşamaq olar” deyə düşünür insan. Fikirləşin, illah da ki, evin tək övladısınız və subaysınız. Kənd-kəsəkdə bütün qohumlar və ailədə də valideynlərlə birlikdə üç bacının nikbin, ümid dolu baxışları camalınıza dikilib. Sizin arzularınızla onların arzuları, ümidləri bir araya gəlsə, dağlar-dərələr silkələnə, dənizlər daşa bilər. Ailənizlə birlikdə keçirəcəyiniz gələcək günləri daha da gözəlləşdirmək, onları şirin xatirələrlə unudulmaz etmək üçün bütün ağlınızla, fikrinizlə səfərbər olunmusunuz. Amma elə bir gün yetişir ki, həqiqi mənada başqa bir səbəbdən ötrü səfərbər olunmağınız lazım gəlir. Daha dəqiq ifadə etsəm, doğulub boya-başa çatdığınız doğma torpağınızın başının üstünü qəfildən qara buludlar alır. Düşmənlər qapınızın arxasını kəsdirib. Bir vətən övladı kimi doğma yurdunuzun bu gün ən çox sizin dəstəyinizə ehtiyacı var. Belə bir anda var gücünüzü, qüvvənizi bu yolda sərf edərdinizmi? Vətən uğrunda bütün arzu və xəyallarınızdan, sonda isə cavan canınızdan keçərdinizmi? İçi mən qarışıq bu sətirləri oxuyan hər kəs qeyri-ixtiyari daxilinin dərinliklərindən süzülən o müsbət cavabı verər. Ancaq, gəlin açıq danışaq, o cəsarət, o qüdrət, o qüvvət əgər hamımıza verilsəydi, onda nə böyüklük, nə əzəmət qalardı? Şəhidlik və fədailik kimi son dərəcə ülvi, uca, yüksək adlar eyni yüksəklikdə, ucalıqda, ülviyyətdə qalardılarmı? Bəli, ona görə deyilir ki, Şəhidlik hər kəsə nəsib olmayan qiymətli bir addır. O adın ucalığı da elə bundadır. Ona ancaq seçilmiş şəxslər, həyatda düşünmədən hər şeydən, sonda da həyatından keçəcək qədər mübariz insanlar nail ola bilərlər. Artıq oxucularla neçənci görüşümüzdür ki, mən bu adın dəyərinə işıq tutmağa çalışaraq zaman kömək etdikcə şəhidlərimizin həyat kitabını bir-bir vərəqləyirəm. Hər dəfə bu fikir özünün daha çox təsdiqini tapır ki, Azərbaycan şəhidlər, qəhrəmanlar, fədakarlar, Mübarizlər, Polad kimi igidlər vətənidir. Hərbi xidmət qanuna əsasən, 18 yaşında başlamalı olsa da, vətən darda olduğu anda uşaqdan-böyüyə hər kəs bu yolda canından, qanından keçməyə hazır olur. Biz Birinci Qarabağ savaşında vuruşub canından keçən 16, 17 yaşlı igidlərin qəhrəmanlıq dastanları ilə böyümüşük. O gəncliyin qisasını xələfləri Vətən müharibəsində misli ilə aldılar.
O xələflərdən, o gənc qəhrəmanlardan biri, müharibəyə 22 yaşında könüllü qatılıb şəhidliyə ucalan 3 bacının tək qardaşı, əsgər Şahmuraz Əyyub oğlu Hümbətzadə 8 sentyabr 1998-ci ildə Bərdə rayonunun Cəyirli kəndində dünyaya göz açmışdır. Orta təhsilini Bərdə rayon Adil Süleymanov adına Şorəlli kənd tam orta ümumtəhsil məktəbində aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinin yanına qayıdan Şahmuraz həm özünə, həm də ailəsinə gözəl bir gələcək vermək üçün əmək fəaliyyətinə başlayaraq müxtəlif işlərdə çalışır. Şahmuraz bu illər ərzində öz saflığı və təmizliyi ilə hər kəsin qəlbini fəth edən, sayılıb-seçilən bir oğlan idi. Dünyaya gələndən əməyə, zəhmətə öyrəşmiş bu cavan oğlan ailəsinin rahat dolanışığı üçün gecə-gündüz çalışıb əlindən gələn hər şeyi etməyə hazır idi. Vətən elə səni dünyaya gətirib boya-başa çatdıran ailədən başlayır. Ailəsinin yolunda nə qədər əziyyətlərə qatlaşan Şahmurazın vətəni yolunda nələrdən keçə biləcəyinə heç kəs şübhə etmirdi. Ona görə də, 2020-ci ilin od-alovlu yay günlərində, Milli Qəhrəmanımız, səngər generalı şəhid Polad Həşimovun şəhidlik xəbəri gələndə yurdumuzun neçə-neçə rayonlarından Vətən üçün, Qarabağ üçün səfərbər olan, ordu sıralarına yazılan neçə-neçə igidlərin sırasında Şahmuraz da var idi. Hələ gəncliyinin baharında, yaşaya biləcəyi neçə-neçə gözəl günləri, xatirələri olacaqdı Şahmurazın. Evin tək və subay oğlu, anası və 3 bacısının sonsuz ümidlərinin tək ünvanı idi. İndi isə o, sentyabrın 8-i 22 yaşını ailəsi ilə qeyd edirdi və dərhal sonra cəbhəyə gedəcəkdi. Bütün gəncliyinin, dəliqanlılığının alovu ilə mənfur düşmənləri yandırmağa, yolunda cavan canını səfərbər etdiyi Ana Vətənin, Mübarizin, Poladın, neçə-neçə şəhidlərin qisasını almağa gedəcəkdi.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Şahmuraz hamı kimi evində, ailəsinin, sevdiklərinin yanında həyatına davam edə biləcəyi halda, könüllü olaraq, ən çox, canından da çox sevdiyi Vətən üçün bütün qüvvəsi ilə vuruşurdu. Kim bilir, bəlkə də, o, Vətənə həqiqətən də, onu canından çox sevdiyini ən böyük dəlili ilə sübut etmək istəyirdi. Bu vətənpərvərliyi də sadəcə doğma torpağının səadəti üçün edirdi və bu zaman o səadəti görüb-görməməyi düşünmürdü belə. Ancaq əlbəttə, qanlı döyüşlərdə hamı kimi o da müharibədən sağ-salamat çıxıb anasının, ailəsinin nigaranlıqlarını sonlandırmaq, onları əbədi xoşbəxtliyə qərq etmək istəyirdi. Ailəsi və Ana Vətəni arasında qalıb ikincisini seçsə də, onların da heç zaman narahatlıq keçirməsini istəməzdi. Şahmuraz Tərtər, Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıqla vuruşur, hər hərəkəti yağı düşmənin bağrına ox kimi sancılırdı. Tez-tez yaxınları ilə danışanda həm özünü, həm də yaxınlarını ümidləndirir, həsrətlərinin tezliklə sonlanacağını deyirdi. Cəbhədən digər istiqamətlərindən gələn sevindirici xəbərlər onu ruhlandırır, ümidini daha da artırırdı. Böyük zəfərə çox yol qalmamışdı.
Ancaq hamını əbədi qəm dəryasına, fikir burulğanına qərq edəcək o gün gəldi. Şahmuraz 23 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində son döyüşünə çıxdığını bəlkə də bilmirdi. Hər döyüşünə son döyüş kimi, şəhadətə son yol kimi hazırlaşsa da, qaçılmaz sonluğun bu qədər yaxında olduğunu düşünməmişdi. Ancaq son döyüşündə aldığı ağır yaralara baxmayaraq, daha böyük qüvvə ilə döyüşdü. Sanki bədəninə dəyən hər yağı gülləsi onun daxilindəki yatmış şirə daha çox təkan verirdi. O gün Şahmuraz dosta da, düşmənə də yaşı nə qədər az olsa belə, qəhrəmanlığının ölçüyəgəlməz olduğunu sübut etdi və Şəhadətə ucaldı. Başını Vətən torpağına qoyub gözlərini əbədiyyətə yumdu. Şahmurazı - Vətənə saysız-hesabsız fədailərdən birini yetirən qəhrəman ailə onun mübarək nəşini doğulduğu Bərdənin Şəhidlər Xiyabanında torpağa tapşırdı. Onları Bərdə camaatı, xalqın vətənpərvər övladları tək qoymadı. O günlərdə hər şeydən xəbərsiz öz “Vətən yaxşıdır” nəğməsini oxuyan şəhid Xudayar Yusifzadə də az müddət sonra Şahmuraz qardaşının əbədi cənnət qonşusu oldu.
Sonrakı tarixlərdə Şəhid Şahmuraz Hümbətzadə Cənab Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.
Ruhun şad olsun, şəhid qardaşım! Yolunda cavan canını fəda etdiyin bu vətənin övladları səni heç zaman unutmayacaq! Vətən sənin cismini torpağında, xatirəni isə övladlarının qəlbində əbədi yaşadacaq!
SEVİNDİK NƏSİBOĞLU
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü
02.01.2026