SON DƏQİQƏ

Ramazan mənim qəlbimdə, ruhumda hər zaman yaşayacaq....

Tarix:26-01-2026, 22:54

Şəhid əsgər Ramazan Əbülfət oğlu Göydağlının (4 fevral 1997-ci il, Culfa rayonu, Kırna kəndi – 28 oktyabr 2020-ci il, Füzuli rayonu) əziz xatirəsinə həsr edirəm. 
Acılı-şirinli anlarla dolu olan həyatımızın bəzi hissələrində, bəzən sevincdə, bəzən kədərdə, ümumiyyətlə, nə baş verirsə, versin, bir fikir qəlbimizin dərinliklərindən keçir: “Bu dünya dağılmayıbsa, yaxşı insanların sayəsindədir”. Başdan sona qədər haqsızlıqlarla, məkrlə, yalanlarla dolu olan dünyada qarşımıza çıxan yaxşı insanlar, onların etdikləri yaxşı əməllər, köməkliklər, hətta fədakarlıqlar bizi haqlı olaraq belə düşünməyə sövq edir. Məncə, insan ömrünün müddətindən asılı olmayaraq, iki halda ömrü boyu xoşbəxt olur: özü yaxşı insan olanda və onun qarşısına özü kimi yaxşı insanlar çıxanda.
Hər şeydən şirin, əziz olan canlarını özlərindən çox sevdikləri vətəninə fəda edən şəhidlərimizin adlarının və adları ilə birgə həyatlarının, qəhrəmanlıqlarının xalqımıza açıqlandığı o şərəfli, zəfərli günlərdən keçən 5 il ərzində biz anladıq ki, xalqımız nə qədər şəhid versə də kədərli olduğu qədər nikbindir. Bu nikbinlikdən güc alıb o, dünya durduqca xoşbəxt olmağa layiqdir. Çünki Azərbaycan xalqı zaman-zaman tanımasa da, üzünü görməsə də onu candan sevəcək qədər sevgi dolu, ona qurban olacaq qədər xeyirxah, özünü yox, hər zaman ətrafındakıları düşünəcək qədər yaxşılığa, xeyirxahlığa könül vermiş övladlara sahibdir. Buna ən böyük sübut həyatı boyu həm ailəsini, həm də vətənini düşünən, sonda ikisindən sonuncusunu seçib onun uğrunda həyatını qurban verən, erməni faşizmini yerlə yeksan edərək təkcə ölkəsinə yox, həm də bəşəriyyətə ədalət töhfəsi verən şəhidlərimizdir. Biz təkcə vətənpərvərliyi yox, həm də insanlığı daha dərindən öyrənmək üçün hər dəfə onların həyat hekayələri ilə yaxından tanış oluruq və olmalıyıq. Bu dəfə barəsində söhbət açacağım şəhid qardaşımla bağlı mən daha əvvəl “Şəhidlik zirvəsindən” adlı şeir həsr etmişdim və həmin şeir “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabımda çap edilmişdir. Qəhrəmanımız qısa ömür yaşasa da hər kəsə min illər boyu yaşayacaq vətənpərvərlik və xeyirxahlıq, ülvi insanlıq dastanı qoyub getmişdir. Bu şəhid əsgərimiz Ramazan Əbülfət oğlu Göydağlıdır! İndi isə gəlin onun nümunəvi həyat hekayəsini mələk üzlü şəhidimizin anası çox dəyərli Zülfünaz ananın dediklərindən öyrənək:
“2020-ci il sentyabr ayının 27-si şanlı Vətən müharibəsi başladı. Ramazan kursda olarkən Xüsusi Təyinatlı Qüvvələrin sıralarına könüllü olaraq keçmişdi. Hərbçilərimiz torpaqlarımızın azad olunması mübarizəsinin başlayacağını bildikləri üçün buna ciddi hazırlaşırmışlar. Ramazan da bu təlim kurslarına həvəslə qatıldı. Ramazana söhbət əsnasında dedim ki, ölüm gələndə hər yerdə adamı tapar. Elə bil bu sözü mənə Allah diqtə edibmiş. Biz o qədər də fərqinə varmadan, bilmədən evimizdə mələk böyüdürmüşük...
 
Ramazan Naxçıvanda kursda olan zaman axşam zəng vururdu, danışırdıq. Bir dəfə telefon danışığımız zamanı Ramazan bizə dedi: “Təlimdə olanda silahla nişan aldım, nişanım düz hədəfə dəydi, özü də hamısı, heç yayınanı olmadı. Həmin vaxt generalımız da orada idi. Təlimdə olan yoldaşlar bir nəfər kimi hamısı mənə tərəf gəldilər. Mən dedim, görəsən, nə olub? Onlar mənə yaxınlaşıb məni qucaqlarına alıb atıb-tutdular. Generalımız mənə dedi ki, Ramazan, inanıram ki, sən və sənin kimi qəhrəman oğullarımız Qarabağı erməni mənfurlarından azad edəcəksiniz”. 2020-ci ilin oktyabr ayının 17-si axşam Ramazan evə zəng edib atasına dedi: “İmkan varsa, maşın göndərin, evə gəlmək istəyirəm”. Atası maşın göndərdi və həmin günün axşamı Ramazan evə gəldi. Evin qapısından içəri girəndə gördüm ki, Ramazan bir az narahatdır. Dedim ki, oğul, nə olub? Ramazan mənə dedi ki, ana, şükürlər olsun ki, çoxdan arzuladığım, amma sizə bildirmədiyim arzum həyata keçdi. Dedim, ay oğul, nə olub, olmaya, qız bəyənmisən, bizi elçiliyə göndərəcəksən? Ramazan gülümsəyib dedi: “Ay ana, onun da vaxtı gələcək. O dediyin sonrakı arzumdur. Amma indi Qarabağa, Füzuliyə gedirəm, Vətənimin işğal altında olan torpaqlarını o mənfurlardan təmizləməyə, erməni dığalarının dərsini verməyə. Bəs təlimlərdə hədəfi nəyə görə dəqiq vururdum? Təlimdə cansız hədəfi vurub nəzərimdə o, qaniçənləri tuturdumsa, indi Allahım həmin faşistləri canlı hədəf etmək üçün mənə inkan yaradıb. Gərək bu imkandan ürəyimcə, vətənimin istəyincə yararlanım, birincisi, Vətənimə olan borcumu layiqincə yerinə yetirim, ondan sonra sənin dediyin də olar, inşallah”. Bunu dedikdən sonra Ramazan öz lazım olan zəruri əşyalarını toplamağa başladı. Mən onun bu hərəkətlərindən lap donub qalmışdım. Atası Ramazana dedi ki, oğul övlad birinci Vətən üçün, sonra soy-kökü davam etdirmək üçün böyüdülür. Aparsaydılar, böyük məmnuniyyətlə, mən də səninlə gedib, səninlə ata-bala çiyin-çiyinə döyüşüb o qaniçənlərin dərsini verərdim. Amma yaşıma görə məni aparmazlar. Sən orada tək öz əvəzindən deyil, mənim də əvəzimdən döyüşərsən, inşallah. Xeyir-duamız həmişə səninlədir. Sağ get, qələbə, zəfərlə salamat qayıt”. Mən bir ana kimi oğlumun Vətənimizi müdafiə etmək üçün getməsini istəsəm də yenə də təlaşlandım və ona dedim ki, oğul, sən o döyüş gedən yerləri, Qarabağı, Füzulini tanıyırsan? Onu demək istəyirəm ki, nabələd olduğun yerlərdə döyüşdə olmaq sənə çətinlik verməyəcək ki? Ana ürəyidir, balasını hər bəladan qorumağa çalışır. Ramazan dedi ki, ana, orada mənimlə bərabər minlərlə vətən övladı, vətənsevərlər olacaq. Mən həmin döyüş yoldaşlarımla, qardaşlarımla birlikdə işğalçıların dərsini verəcəyəm. Sən heç narahat olma, inşallah, qələbə ilə qayıdacağam. Ramazan mənə dedi ki, ana, mən getməyim, o biri getməsin, bəs kim getsin? Vətən dardadır, hamımız getməliyik. Ramazan 2 saatlıq gəlmişdi, ancaq gözü qalmışdı saatda. O, saat 12-də getməli idi, ancaq 11-i gözləmədi. Atasına dedi ki, maşını çağır gedim. Getdi...
Oktyabr ayının 18-i kəndimizin digər qəhrəmanı Bağır balamızı — şəhid gizir Ələkbərov Bağır Əsəd oğlunu qarşılayıb Ramazanı müharibəyə yola saldıq. Ayın 18-dən Ramazan Füzuli istiqamətindən döyüşə başladı. Ramazan oradan danışanda elə danışırdı ki, səsindən biz bir titrəyiş belə hiss etmirdik. Həmişə danışanda bizə deyirdi ki, gah alma yeyirik, gah kökə yeyirik, gah da deyirdi uzanmışıq, istirahət edirik. Ramazan 14 gün müharibədə oldu, biz bilmədik ki, o, müharibədədir və lap öndə vuruşur. Ramazan bizimlə hər gün səhər vaxtı danışırdı və həmişə özü zəng edirdi. Konturunun olub-olmadığını soruşduqda Ramazan deyirdi ki, mənə elə adamlar kontur göndərir ki, heç onları tanımıram. Atası ilə danışanda deyirdi ki, buralar elə gözəl yerlərdir ki, müharibədən sonra qalıb burada işləyəcəyəm. Döyüşlərin qızğın vaxtında axşam evdə oturmuşduq. Zəng gəldi, açdım, Ramazan idi. Həmin vaxt çox danışa bilmədik, Ramazan dedi ki, telefonun enerjisi azalır. Biz də Ramazana dedik ki, elə bizə zəng et, de ki, yaxşıyam, bu, bizə bəsdir. Ramazan müharibədə olduğunun 10-cu günə qədər bizimlə əlaqə saxladı. Axırıncı dəfə Ramazan komandirin telefonu ilə atasına zəng etmişdi. Ramazan, nə olursa, olsun, bizi xəbərdar edərdi. Olsun ki, telefonunun enerjisi qurtarmışdı. Bilirdim ki, Ramazan da bizimlə əlaqə saxlaya bilmədiyi üçün narahatdır. Ramazan komandirin telefonu ilə atasına zəng vuranda atası məktəbdə imiş. Ramazan atası, daha sonra isə müəllimləri ilə danışıb zarafatlaşmışdır. Müəllimləri Ramazana deyiblər ki, bizə erməni toyuğu gətir. Ramazan da onlara deyib ki, sizə erməni başı gətirəcəyəm. Danışığının sonunda deyib ki, anama da salam deyərsən. Həmin söz məni ömrümün axırına kimi yandıracaq. Həmişə Ramazanın zəngindən sonra sabahkı zənginə qədər ürəyimiz rahat olurdu. Ramazan bizi nigaran qoymazdı. Döyüşün içində olsa belə döyüş dayandığı zaman zəng edərdi. Bir daha təkrar edirəm ki, Ramazan 10 gün bizə zəng edə bildi.
 
Ramazan çox əliaçıq idi, hətta atasının dayısı nəvələrinə belə kukla, maşın almışdı. Deyirdi ki, mən onların dayısıyam. Bir dəfə atası bir tədbirdə iştirak edirmiş. Bir nəfər onun əyləşdiyi masaya yaxınlaşır və soruşur ki, siz Ramazanın atasısınız? O da deyib ki, bəli. Həmin adam hərbçi imiş. Deyib ki, oğlunuzla fəxr edin, sizin oğlunuz bir qəhrəmandır. Bir görsəydiniz, düşmənin üstünə necə şığıyırdı... Ramazanın heç bir yerə getməsini istəmirdim. Elə bilirdim, harasa getsə, nəsə olacaq. Heç gözümdən qoymaq belə istəmirdim. Əsgərlikdən gələndən sonra dedi ki, mən Türkiyəyə işləməyə gedirəm. Mən razı olmadım, amma sonra Ramazan məni razı salıb getdi. Ramazanı hamıya qısqanırdım. Fikirləşəndə ki evlənəcək, yoldaşı olacaq…
Ürəyində bilirmiş ki, hər şeyi yarımçıq qalacaq, Ramazan mənim qəlbimdə, ruhumda hər zaman yaşayacaq. Noyabrın 1-i atasının ad günü idi. Ramazan atasına ad günü hədiyyəsi verdi. Şəhidlik hədiyyəsi...
Allah eldən-obadan, kəndimizdən razı olsun, hamı maraqlanırdı Ramazanla. Bir dəfə həyətdə atası ilə oturub söhbət edərkən dedim ki, inşallah, Ramazanın hərbidə işi yaxşı olar.
Bir axşam yuxu gördüm, yuxudan dik qalxıb çölə çıxdım. Hey fikirləşdim ki, bu necə yuxudur? Bir şey anlaya bilmədim. Səhər açıldı. Tezdən həmin yuxunun təsiri altında idim. Bacım mənə zəng vurdu, mən bu yuxunu bacıma danışdım. O da mənə təsəlli verdi ki, yaxşı yuxudur, inşallah, sağ-salamat gələr, hamımız birlikdə gedərik Kərbəlaya. Ancaq dörd gün Ramazandan zəng gəlmədi. Elə bil ürəyimin başında bir yumruq boyda düyün var idi, qoymurdu başımı yerə qoyum. Ramazan əsgərlikdə olanda nəzir demişdim ki, sağ-salamat gəlsin, işə girsin, birinci maaşı ilə Kərbəla ziyarətinə gedək. Özü Kərbəlaya şəhid olaraq getdi, məni aparmadı... Dörd gün nə gecəmiz oldu, nə gündüzümüz. Hər gün yoldaşımı məktəbə yola salandan sonra Quranı əlimə alıb oxuyurdum. Deyirdim, bəlkə, Allahım kömək olar, gecəni səhərə qədər oturub, dizlərimi yerə söykəyib Allaha yalvarırdım ki, balam sağ-salamat gəlsin. Təkcə Ramazana yox, müharibəyə gedən bütün tanıdığım, bildiyim uşaqlara görə dua edirdim. Kənddən Ramazanla birgə gedən oğlan var idi. Ona da dua edirdim. Ancaq Allahım dualarımı eşitmədi, balamı məndən aldı, məni köməksiz qoydu. 14 gün ərzində qohumlar, qonşular, bacılarım bizi tək qoymadılar. Səhər bacım zəng vururdu ki, gəlsin, oğlum sizi bizə gətirsin, Quran oxumuşam, onu bağışlayaq. Həm də ehsan bişirmişəm, onu qonşulara paylayaq.
Amma o gün gələndə... Ramazanın qara xəbərini eşidəndə... Onda mən əllərimi dizimə çırpdım, bacımın qızı da qışqırdı: “Xala, bu nədir?”. Bircə maşından düşüb qapıdan içəri girməyimi bilirəm. Gerisini, beş ildir ki, yadıma sala bilmirəm...
Bakıda qohumlar görmüşdülər, morqda baxmışdılar. Yoldaşıma zəng vurmuşdular ki, hər əzası üstündədir, şükür. Mənə şəhid olduğunu demədilər, dedilər, yaralıdır. Gah inanırdım, gah inanmırdım. Gecəni səhərə kimi heç kim yatmadı. Gecənin yarısı yoldaşımdan soruşdum, Ramazandan nə xəbər var? Deyirdi, səhər deyəcəklər. Məni o gecə elə aldatdılar. Səhər açıldı, məhəlləmizə, bütün yollara bayraq vurmuşdular. Mən eyvandan baxanda bayrağı gördüm. Onda bildim ki, Ramazan yoxdur. Yoxdur demək elə çətin bir hissdir ki, onun izahı yoxdur. Səhəri gün balamı aeroporta qarşılamağa getdilər… Bütün kənd səfərbər olmuşdu. Çox ağır bir dərddir, qaldırmaq olmur… İstəyirsən, özünü toxtaq tutasan, ancaq olmur. Ramazan mənim hər şeyim idi, iraq qalan balalarımın canından. Mənim atam, anam dünyasını dəyişib. O, mənim atam idi, anam idi, qardaşım yoxdur, qardaşım idi. Ramazana deyirdim ki, sən mənim hər şeyimsən, döyünən ürəyimsən… Beş oğlan nəvəm var, hərəsində Ramazanın bir xasiyyəti var. Nəvələrimdən biri Ramazanın elə özüdür, birinə də onun adını qoymuşuq. O, müharibəyə gedən günü evə gələndə öz otağı ilə vidalaşdı. O bilirdi ki, hara gedir, ancaq biz bilmədik ki, onu haraya yola salırıq. Elə bilirdik, həmişə getdiyi yerə gedir…
 
Gedə-gedə bizi hamıya tapşırıbmış. Müharibədə olanda dedim, özündən muğayat ol. Mənə dedi ki, bizim başımızın üstündə elə adam dayanıb ki, bizi qırğına verməz. Hər kəlməsi bizi toxtadırdı. Ramazanın şəhid olduğu torpaqlara getdik. Orada kəndlərin adı var idi, özü yox idi. Getdik, çatdıq, atası da, mən də demişdik ki, qismət olsun, o torpaqlara gedək, Ramazanın qanı töküldüyü yerdə namaz qılacağıq ikimiz də. Orada hərbçilər bir ədyal gətirdilər ki, üstündə namaz qılaq. Biz razı olmadıq, dedik ki, balamızın qanının töküldüyü yerdə namaz qılacağıq. Ora bizim üçün ziyarətgahdır”.
 
Bəli, Zülfünaz ananın dilindən gələn bu sözlər hər bir vətənpərvər azərbaycanlının yaddaşına və qəlbinə həkk olunmalıdır. Biz Ramazanla birgə şəhid olan bütün vətən övladlarının qanının töküldüyü Qarabağ torpağını öz müqəddəs məkanımız bilməli, onu göz bəbəyimizdən də artıq qorumalıyıq. Necə ki şəhidlərimiz belə etdilər. Bir də ki məqaləmin əvvəlində yazdığım sətirlərə bir də qayıdıram və əlavə etmək istəyirəm. Ramazan qardaşımız layiq olduğu mərtəbəyə ucaldı. Amma uca Allah onun adını daşıyan Ramazan balanı və daha neçə-neçə Ramazanları bizə bəxş etdi və yenə edəcək. Vətənimizə, dünyamıza yeni gələn bu gözəl körpələr gələcəkdə xeyirli, layiqli övladlar olduqca nə vətənimiz, nə də dünyamız dağılmayacaq, bütün şər qüvvələrdən qorunacaq, hər zaman ucalacaq, var olacaq!



 
SEVİNDİK NƏSİBOĞLU
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü
19.12.2025

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ