SON DƏQİQƏ

Vətən yolunda itkin düşən qəhrəman

Tarix:10-03-2026, 23:37

Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. 
Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. 
 
Şəhidimizi tanıyaq:
Hüseynov Şahin Əlişah oğlu 17 iyul 1974-cü ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində anadan olmuşdur. 1981-1989-ci illərdə indiki Sumqayıt şəhər Zülfü Hacıyev adına 17 saylı tam orta məktəbdə təhsil almışdır. Səkkizillik təhsilini bitirdikdən sonra 35 nömrəli Sumqayıt texniki peşə məktəbində lobarant sənətinə yiyələndikdən sonra Sumqayıtdakı səthi-aktiv maddələr zavodunda əmək fəaliyyətinə başlamışdır. 
Şahin Hüseynov qısa müddətdə kimyaçıların hörmətini qazanmış, 2 saylı sexdə ad-san sahibi olmuşdur. O, təcrübəli kimyaçı kimi istehsalata gələn gənclərə lobaratoriyanın sirlərini öyrətmiş, qayğı göstərmişdir.
Şahin Hüseynov 1993-cü il yanvarın əvvəllərində Sumqayıt şəhər Hərbi Komissarlığına müraciət edərək döyüş bölgələrinə getmək arzusunda olduğunu bildirmişdir. O,Yanvarın 21-də cəbhəyə yola düşmüşdür. Şahin Hüseynov əvvəlcə Şəmkir rayonunda hərbi təlim keçmiş və sonra Dağlıq Qarabağın Ağdərə rayonuna göndərilmişdir. O Ağdərənin Drmbon , Heyvalı kəndində 5 gün gedən qızğın döyüşlərdə  bir neçə hərbi əməliyyatda iştirak etmiş, düşmənə ağır və sarsıdıcı zərbələr endirilməsində, döyüş tapşırıqlarını vaxtında yerinə yetirməsində fərqlənmişdir. Burada Şahin həmdə bir atıcı kimi hərbi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmişdir. 1993-cü il fevralın 14-də Ağdərə və Kəlbəcər istiqamətində şiddətli döyüşlərdə yaralılar üçün gələn təcili tibbi maşınlara yaralıların daşınmağına köməklik edir. O zamanda Şahin madəsindən çox ağrı çəkirmiş, nə qədər ona tibbi yardım göstərmək istəyiblər lakin o razılıq verməyib...   

14 fevral əsgərləri ağır əməliyyatlı  müharibəyə aparırlar üç gün gedən döyüşlərdən sonra fevralın 17-si əsgərlərin çoxu geri qayıtmır...onların arasında Şahində vardı...                                 
Budur 33 ildir itkin şəhid Şahinin anasının, doğmalarının, əzizlərinin gözü yoldadır...
33 ildir ki, bir ana qapıya, yola, üfüqə baxır.
33 ildir ki, ürəyində bir ümid, bir həsrət yaşayır. İtkin düşən şəhid övladının bir xəbərini gözləyir.
Ana üçün zaman dayanıb…
Hər qapı döyüləndə ürəyi titrəyir, hər xəbər səsində “bəlkə bu dəfə gələn odu…” deyə ümidlənir.  


Döyüş meydanında öz qanları ilə tarix yazan oğullarımızdan biri Şahin Hüseynovun həyat yolu və kecdiyi şərəfli döyüş yolu ilə tanış olduq. Şahin adını  hərb tariximizə əbədi həkk edərək şəhidlik adlı uca bir zirvəyə yüksəlmişdir!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 



Yeganə Telmanqızı                                    
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ