Evin tək övladı-Vətənin qəhrəmanı!!!
12.03.2026-cı il tarixində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan ailənin tək övladı əsgər şəhid Abdulla Əhmədovun doğum günü tədbiri keçirilib.
Tədbir Sumqayıt Şəhidlər Xiyabanında başlandı. Əvvəlcə torpaqlarımız uğrunda canından, qanından keçən şəhidlərimizin məzarları ziyarət olundu. Abdulla Əhmədovun məzarı üstündə dualar oxundu, gül dəstələri, tər çiçəklər düzüldü. Allahdan cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr diləndi. Şəhidin atası Hacı Əhməd, anası Validə xanım, yaxınları, doğmaları onun haqqında xoş xatirələrdən söhbət açdılar.
Tədbir şəhidin adına açılan ehsan süfrəsində davam etdi. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət himni səsləndirilib.
Tədbirin bədii hissəsində xanəndələr muğamlar, təsniflər oxudular, xalq çalığı alətləri tar, kamanca ifaçıları muğam və vətənpərvərlik mahnılar ifa etdilər.
Tədbir Ramazan ayına təsadüf etdiyi üçün şəhidin adına iftar süfrəsi verildi.
Tədbirdə şəhidin ailə üzvüləri, yaxınları, doğmaları, şəhid anaları, şəhid ataları, bir sıra media nümayəndələri, rəsmi nümayəndələr, din xadimləri, şəhər ictimayyəti iştirak edirdilər. Şəhid Abdulla Əhmədovun atası Hacı Əhməd Əhmədov yazdığı şeirləri söylədi.
Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Əhmədov Abdulla Əhməd oğlu "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Doğum günün mübarək Vətənimizin dəyərli oğlu.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!








Yeganə Telmanqızı
XeberTıme.az