Şəhid Rüfət Mustafayevin adı qəlbimizdə yaşayır!
13.03.2026-cı il tarixində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, ailənin tək övladı əsgər şəhid Rüfət Mustafayevin doğum günü tədbiri keçirilib. Tədbir Sumqayıt Şəhidlər Xiyabanında başlandı. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimizin məzarları ziyarət olundu. Şəhid Rüfət Mustafayevin məzarı üzərində dualar oxundu, gül dəstələri, gül çələngləri və tər çiçəklər düzüldü. Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr və dözüm diləndi.
Şəhid Rüfət Mustafayevin atası Zöhrab Mustafayev, anası Afət xanım övladlarının keçdiyi şərəfli həyat yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışaraq onun xatirəsinin daim qəlblərdə yaşayacağını bildirdilər.
Tədbir şəhidin adına açılan ehsan süfrəsi arxasında davam etdi. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə şəhid Abdulla Əhmədovun atası Hacı Əhməd Əhmədov açdı yazdığı şeirləri söylədi. Sonra bildirdi ki, “Qurani-Kərimdə şəhidlik çox uca məqam kimi təriflənir. Allah yolunda canından keçənlərin əslində ölü sayılmadığı, onların Allah qatında diri olduqları bildirilir. Müqəddəs kitabımız olan Qurani-Kərim da belə buyurulur:
“Allah yolunda öldürülənlərə “ölülər” deməyin. Xeyr, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz. Allah yolunda öldürülənləri əsla ölü sanma! Əksinə, onlar Rəbbinin yanında diridirlər və onlara ruzi verilir. Bu ayələr göstərir ki, şəhidlik İslamda ən uca mərtəbələrdən biridir. Şəhidlər Allah qatında yüksək məqama sahibdirlər və onların xatirəsi daim hörmətlə yad olunur.”
Sonra söz şəhid Səbuhi Həsənquliyevin anası, şairə Maisə Həsənquliyevə, şəhid gizir, snayper-kəşfiyyatçı, “şahin gözlü” ləqəbli Elmar Nəsibovun anası Sürəyya müəlliməyə, Jurnalist-pedaqoq Yeganə Telmanqızıya, şairə Esmira Günəşə verildi.
Tədbir Ramazan ayına təsadüf etdiyi üçün şəhidin adına iftar süfrəsi verildi. Tədbirdə şəhidin ailə üzvüləri, yaxınları, doğmaları, şəhid anaları, şəhid ataları, bir sıra media nümayəndələri, rəsmi nümayəndələr, din xadimləri, şəhər ictimayyəti iştirak edirdilər.
Xatırladaq ki, Vətən müharibəsindəki hərbi vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mustafayev Rüfət Zöhrab oğlu “Vətən uğrunda”,“Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilib.
Doğum günün mübarək Vətənimizin dəyərli oğlu.
















Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
XeberTıme.az