Şəhid snayper-kəşfiyyatçı Elmar Nəsibovun anası Sürəyya müəllimənin təşəbbüsü ilə Lənkaran şəhid ailələri ziyarət olundu.
İlk ziyarətimiz Lənkaran rayonu Gəgiran kəndində əsgər şəhid Baloğlan Əhədlinin ailəsindən başlandı. Əvvəlcə Gəgiran kəndinin girişində və mərkəzində yaradılan şəhidin xatirəsinə tikilmiş abidələr ziyarət edildi. Gərgidan kənd məzarlığında şəhidimizin məzarı ziyarət olundu, əziz xatirəsi ehtiramla yad edildi. Ruhuna dualar oxundu, göstərdiyi qəhrəmanlıq və Vətən uğrunda etdiyi fədakarlıq bir daha minnətdarlıqla anıldı. Allahdan bütün şəhidlərimizə rəhmət, məkanlarının cənnət olmasını diləyirik. Onların ailələrinə səbr, dözüm və təsəlli arzulayırıq. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Sonra şəhid Baloğlanın böyüdüyü evdə onun adına yaradılmış ev muzeyi ilə tanış olduq. Anası Xanım ana, atası Şakir bəy oğlu ilə bağlı uşaqlıq, yeniyetmə illərinin xatirələrindən, hərbi xidmətdə göstərdiyi nümunəvi əsgər illərindən, döyüşdəki şücayətindən xeyli danışdılar.
Şəhid Baloğlan Əhədlini tanıyaq:
Əhədli Baloğlan Şakir oğlu 10 yanvar 2002-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində sadə, zəhmətkeş bir ailədə anadan olmuşdur. 2020-ci ilə qədər Lənkəran rayon Gəgiran kənd tam orta məktəbində təhsil almışdır.
Baloğlan Əhədli 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Baloğlan Əhədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın, Füzulinin, Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmançasına vuruşmuşdur. Baloğlan Əhədli 6 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə zirvəsinə ucalmucalmışdır.
Doğulduğu Lənkəran rayonunun Gəgiran kənd məzarlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev Əhədli Baloğlan Şakir oğlunu ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə”, "İgidliyə görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmiçdir.
Subay idi, Ailədə 3 bacı, 1 qardaş olublar.
Şəhid snsyper-kəşfiyyatçı, gizir Elmar Nəsibovun anası Sürəyya Mehdiyava bizimlə həmsöhbət oldu:
- Yeganə qızım Lənkaran rayon şəhid ailələrini ziyarət etməyimi bir necə ay öncə planlaşdırmışdım. Burada yaşayan bir necə ailənin övladları mənim şəhid oğlum gizir, snayper-kəşfiyyatçı Elmar Nəsibovun əsgərləri olub. Onların xidmət etdiyi hərbi hissənin şəhidlərinin şəkillərini bir araya toplayıb bir xatirə çərçivəsi yığdırıb, şəhid ev muzeylərinə hədiyyə etdim. Biz hər birimiz eyni dərd, eyni amallı insanlarıq. Hər birimiz tarixə adını yazdıran oğullarımızın valdeynləriyik övladlarımız ilə fəxr edirik. Artıq bir neçə rayonda şəhid ailələrini ziyarət etmişəm və gələcək planlarımda bir sıra rayonlarda, kəndlərdə getmədiyim şəhid evlərini ziyarət etmək var. Allah bizə səbr versin! 
















Şəhidin atası Ə.Şakir oğlunun bitirdiyi Lənkaran rayonu Gəgiran kəndin orta məktəbinə onun adının verilməsi istəyini bizə danışdı. Atanın istəyini sayıtımız vasitəsi ilə sizə təqdim edirik:
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
XeberTıme.az