SON DƏQİQƏ

Vətənin səsinə könüllü cavab- FOTOLAR

Tarix:24-03-2026, 21:12

Snayper-kəşfiyyatçı, gizir şəhid  Elmar Nəsibovun anası Sürəyya Mehdiyevanın təşəbbüsü ilə Lənkaran rayon Gəgiran kəndində növbəti şəhid ailəsinin qonağı olduq.  Şəhid Baloğlan Əhədlinin atası Şakir bəy, anası Xanım ana, gizir, şəhid Elmar Nəsibovun anası Sürəyya xanım və AJB-nin üzvü, “XeberTıme.az” İnformasiya Portalının direktoru Yeganə Telmanqızı Lənkəran rayon Gəgiran kəndinin könüllü əsgər şəhidi Rasim Mirzəyevin ailəsi bizi isti, səmimi münasibət ilə qarşıladı. Əvvəlcə şəhidin adına tikilən bulaq-abidə ziyarət olundu, xatirə fotolar çəkildi. 



Sonra şəhidin böyüyüb boya-başa çatdığı evində yaradılan ev muzeyi ilə tanış olduq. Şəhidin valdeynləri Fətta kişi və Zəkiyyə ana oğlunun keçdiyi həyat yolundan, şərəfli döyüş yolundan söhbət açdılar və xatirələr yada salındı. 



Şəhidlərdən bizə qalan ən müqəddəs əmanət – övladlarıdır! Şəhid Rasim Mirzəyevin övladı. Atası Rasim Mirzəyev şəhadətə uçalanda Asim 3 aylıq idi... Rasim Mirzəyevin 5 yaşlı oğlu Asim deyir ki “Mənim atam Qəhrəmandır! O torpaqlarımızı ermənilərdən azad edib şəhid olub...”   


Şəhid Rasim Mirzəyevin tanıyaq:

Rasim Mirzəyev 20 dekabr 1998-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olmuşdur. 2019-cu ilin noyabrından sevib seçdiyi Şəlalə Mirzəyeva ailə qurur. 2020-ci il təvəllüdlü Asim adlı oğlu yadigar qaldı.                                                         
Rasim Mirzəyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2019-cu ildə hərbi xidmətdən tərxis olunaraq müxtəlif sahələrdə mülki fəaliyyətini davam etdirib.
Rasim Mirzəyev 2020-ci ildə Tovuz döyüşlərindən sonra səfərbərlik idarəsinə könüllü müraciət etmişdir. 2020-ci ildə sentyabrın 21-i hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rasim Mirzəyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şücaətliklə vuruşmuşdur. Rasim Mirzəyev 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına vuruşur, döyüş  tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalır. Doğulduğu Lənkəran rayonunun Gəgiran kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mirzəyevin Rasim Fətta oğlunu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur 
döyüşçü" medalları ilə təltif etmişdir.                                                         
Şəhidlərin xatirəsi qəlblərdə əbədi yaşayacaq! 



Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 


Yeganə Telmanqızı                                    
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ