SON DƏQİQƏ

Sürəyya Mehdiyevanın təşəbbüsü ilə Masallıda şəhid ailəsinə ziyarət olundu-FOTO

Tarix:25-03-2026, 10:14

Şəhid anasının nəcib addımı: 
Gizir şəhid, snayper-kəşfiyyatçı, “şahin gözlü” Elmar Nəsibovun anası Sürəyya xanımın təşəbbüsü ilə bu dəfə də Masallı rayonunun Sığdaş kəndində şəhid Amid Salayevin ailəsinin qonağı olduq. 
Əvvəlcə Sığdaş kəndinin girişində Sığdaş kənd şəhidlərin əziz xatirəsinə həsr olunmuş abidə ehtiramla yad edildi. Sonra Amidin böyüyüb boya-başa çatdığı evə gəldik. Qapını Amidin anası Çimnaz xanım açdı, bizi səmimi və mehribançılıqla qarşıladı. 



Şəhidin ev muzeyinin qonağı olduq. Burada onun şəxsi əşyaları, rəsmləri və xatirələri şəhidin qısa, lakin şərəfli həyat yolunu insana dərindən hiss etdirirdi. Çimnaz ana ev muzeyi haqqında onun yaradılması baradə danışdı və burada xatirə şəkillər çəkildi. Söhbətimiz çay süfrəsi arxasında davam etdirildi. Şəhidin atası Yadulla kişi, anası Çimnaz xanım Amid haqqında xoş xatirələrdən, onunla olan son görüşdən, son telefon zəngindən danışdılar, oğlunun keçdiyi şərəfli, qalibiyyətlə başa çatan döyüş yolundan söhbət açdılar. Sürəyya müəllimə bildirdi ki, əsgər Amid Salayev onun oğlu şəhid, gizir Elmar Nəsibovun əsgəri olub. Və bu hissənin şəhid ailələrinə ənənəsinə sadiq qalaraq hərbi hissənin şəhidlərindən ibarət rəsmləri bir araya toplayaraq şəkil tablosu düzəltdirib və bir tablonuda Salayevlər ailəsinə hədiyyə gətirib.


 
Ailədə qonaq olan şəhid Baloğlan Əhədlinin atası Şakir Əhədov şəhid ailəsində şəhid oğullarının şücaətindən qürurla söz açdı. Onların Vətən uğrunda göstərdiyi igidlikdən danışaraq, bu qəhrəmanlığın heç zaman unudulmayacağını vurğuladı. Onun sözləri həm kədər, həm də böyük fəxr hissi ilə dolu idi. 



Sürəyya ananın gözləri hey dolurdu...həmdə sanki yol çəkirdi...  
- Vətən uğrunda canından keçən şəhidlərimiz hər zaman xalqımızın qürurudur. Şəhidlər təkcə bir ailənin yox, bütün millətin övladıdır. Bu müqəddəs yolun ən ağır yükünü isə şəhid anaları daşıyır. Onların göz yaşında həm dərd, həm də sonsuz qürur var. Şəhid anaları ilə dərdlərimizi bölüşmək insana bir təsəlli, mənəvi rahatlıq gətirir. Bu cür görüşlər insanda səbir və mərhəmət hisslərini daha da gücləndirir. Biz birlikdə olduqda güclüyük Çünki biz hamımız bir dərdin, bir yolun yolçusuyuq.

Şəhid Amid Salayevi tanıyaq:
Salayev Amid Yadulla oğlu 2002-ci il fevralın 10-da Masallı rayonunun Sığdaş kəndində sadə, zəhmətkeş bir ailədə  dünyaya gəlmişdir.
 Azərbaycan Ordusunun əsgəri olan Amid Salayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Salayev oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Masallı rayonunun Sığdaş kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Rspublikasının prezidenti İlham Əliyev Salayev Amid Yadulla oğlunu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif etmişdir. 
Amid Salayev sadə bir əsgər olaraq başladığı yolda, böyük bir qəhrəmana çevrildi. Bu igidlər hər zaman xalqın qəlbində yaşayır. 



Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 

Yeganə Telmanqızı                                    
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ