SON DƏQİQƏ

34 il sonra dəfn edilən şəhid xanımın 40 mərasimi oldu-FOTOLAR

Tarix:30-03-2026, 00:22

Sumqayıt Şəhidlər Xiyabanında tək uyuyan sumqayıtın yeganə xanım şəhidi Mehriban Qarayevanın 40 mərasimi və doğum günü keçirilib.

27.03.2026-cı il tarixində şəhidin 40 mərasimi tədbiri Sumqayıt Şəhidlər Xiyabanından başlanıb. Şəhidin məzarı üstünə tər çiçəklər, gül çələngləri qoyuldu. Tədbirdə iştirak edən Sumqayıt şəhər icra nümayəndələri, şəhidin doğmaları, əzizləri, bir sıra şəhid ailə üzvüləri, media nümayəndələri, şəhər ictimayəti şəhidin keçdiyi çətin, şərəfli döyüş yolundan söhbət açdılar.                            Tədbir şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət himni səsləndilib. Sonra Vətən müharibəsi şəhidi Abdulla Əhmədovun atası Hacı Əhməd mərasim iştirakçılarını salamladı yazdığı şeirlərdən bir neçəsini söylədi.Tədbirdə iştirak edən bir sıra media nümayəndələri, şairələr, təşkilat rəhbərləri 21 yaşında ikən Qarabağın müdafiəsinə qalxan könüllülərə qoşularaq ön cəbhəyə yollanan Mehriban Qarayevanın keçdiyi şərəfli həyat və döyüş yolundan danışdılar. 
 
Şəhidimizi tanıyaq: 


Otuz dörd ildən sonra nəşi Qarabağda tapılan sumqayıtlı qız Qarayeva Mehriban Arif qızı 1970-ci il martın 27-də Sumqayıt şəhərində dünyaya gəlib və 2-ci mikrorayonda yaşayıb. O, Sumqayıt şəhər 3 saylı məktəbin 8-ci sinfini bitirdikdən sonra 35 nömrəli peşə məktəbinə daxil olub. On beş yaşında ikən anasını itirən Mehriban peşə təhsilini bitirdikdən sonra qısa müddətdə atası ilə Sumqayıtdakı zavodların birində çalışıb.
İşləyə-işləyə təhsilini davam etdirən gənc qız tibb bacısı ixtisasına yiyələndikdən sonra 1992-ci ildə 21 yaşında ikən Qarabağın müdafiəsinə qalxan könüllülərə qoşularaq ön cəbhəyə yollanır. O, təxminən bir il ərzində Ağdərə-Ağdam istiqamətində gedən döyüşlərdə yaralılara ilk tibbi yardım göstərib. 1992-ci il iyulun 9-da onun da içərisində olduğu hərbi avtomobil Ağdərə rayonun Sırxavənd kəndi yaxınlığında minaya düşüb. Lakin qızğın döyüşlərin aramsız davam etdiyi şəraitdə onun nəşini döyüş zonasından çıxarmaq mümkün olmayıb. Mehribanın şəhid olması xəbərinin də ailə üzvlərinə gec çatdırılması onun axtarışlarını bir az da çətinləşdirib.
Taleyinə 34 illik itkin yazılan şəhid Mehriban Qarayevanın 3 bacısı, 4 qardaşı olub. Atası Arif Qarayev 2001-ci ilin aprelində dünyasını dəyişib və Sumqayıt qəbiristanlığında dəfn olunub. Anası Havabəyim Hüseynova isə 1985-ci ilin noyabrında vəfat edib, məzarı Şamaxının Ərəbqədim kəndin qəbiristanlığındadır. Öz nəşi 30 ildən artıq düşmən tapdağında qalan şəhid qızın qalıqları ötən il Ağdərə rayonu ərazisindəki kütəvi məzarlıqda tapılıb. Həmin qalıqların ona məxsus olduğu Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində aparılan DNK analizlərindən sonra təsdiqini tapıb.
Qısa ömründə ibrətamiz həyat yaşayan şəhid Mehriban Qarayeva 20 fevral 2026-cı il tarixində Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 



Yeganə Telmanqızı                                   
XeberTıme.az 
                                             
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ