SON DƏQİQƏ

Yeganə Telmanqızının təqdimatında “Tariximizin İmzası”- 01.04.2026

Tarix:4-04-2026, 22:40

“Tariximizin İmzası” adlı  verliş hər həftənin çərşənbə günü saat 13:00-dan-14:00-dək Bestfm.az radiosunda canlı olaraq səslənəcək. 
Bestfm.az radiosunda vətənpərvər telejurnalist   Yeganə Telmanqızının təqdimatında 01.04.2026-cı il tarixində səslənən “Tariximizin İmzası” adlı verlişin qonaqları tarixdə imzası olan şəhid Azərbaycanın Müzəffər Ordusunun leytenanatı Qorçiyev Anarın anası Allahverdiyeva Asya, şəhid kəşfiyyatçı-snayper, XTQ-nın hərbi qulluqçusu Elçin Hüseynovun anası Mətanət Məhərrəmova olublar.  



Verlişdə Qorçiyev Anar və Elçin Hüseynovun uşaqlıq, yeniyetmə, gənclik  illərindən, hərbidə keçdiyi şərəfli və çətin hərbi qulluğundan, keçdiyi şücayətli döyüş yolundan danışılıb, şəhidlərimizə həsr olunan mahnılar eləcədə vətənpərlik mövzundan mahnılar səsləndirilib. 

Kəşfiyyatçı-snayper, XTQ-nın hərbi qulluqçusu Elçin Hüseynovun həyat yolu ilə sizi tanış edirik: 
 
Hüseynov Elçin Zamin oğlu 1992-ci il sentyabrın 9-da Bakı şəhərində  anadan olub. Məhərrəmova Mətanət. Ehtiyatda olan hərbi qulluqçu olub. Orta təhsilinə 1999-cu ildə Sumqayıt şəhəri 9 saylı tam orta məktəbdə başlayıb. 2012-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinin gömrük işi fakultəsini bitirib. Evin böyük  oğlu idi.
2012-ci ildə hərbi xidmətə yollanan Elçin 2014-cü ildə xidmətini başa vurub. Elə həmin ilin avqustunda Azərbaycan Silahlı Qüvvələrinin Bakı korpusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq kəşfiyyatçı-snayper vəzifəsində xidmətə başlayıb. Elçin 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq ön cəbhəyə yollanmaq barədə komandanlığa müraciət edib. Komandanlıq onun müraciətini nəzərə alıb.
Elçin Hüseynov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Suqovuşan döyüşlərində yaralanıb. Buna baxmayaraq, geri çəkilməyib, düşmənin çoxlu sayda canlı
qüvvəsini məhv edib. Strateji yüksəkliklərin düşmən əlinə keçməməsi, döyüş yoldaşlarının sağ qalması üçün özünü güllənin qabağına verib. Yaralansa da döyüşə davam edib, "Mübariz" postundan digər posta keçərkən 2 oktyabr tarixində Elçin şəhid olanda iki dəfə güllə yarası alıb. Birinci güllə başının arxasından dəyib, komandiri elə bilib ki, Elçin şəhid olub. Lakin bir müddətdən sonra onun sağ olduğunu görüblər. Uzandığı yerdən qalxıb, komandiri  ona rabitə ilə geri qayıtmaq əmrini verib. Amma Elçin qayıtmayıb komandirə “gözləyin” deyib. Düşmənlə üzbəüz dayanıb, ikinci güllə dəyməmişdən özündə güc tapıb ermənini nişan alıb, vurub. Sonra ikinci güllə başından dəyib. Uzandığı yerdə bir neçə saniyəyə zirehini çıxarıb, içindəki bayrağı cibinə qoyub, silahını qucaqlayıb və həmin yerdə də qəhrəmancasına  şəhid olub. Şəhidin nəşini götürmək üçün bütün kəşfiyyatçı yoldaşları əllərindən gələni ediblər. Yalnız 11 gündən - düşmən arxaya çəkiləndən sonra Elçinin cəsədini ərazidən götürmək mümkün olub.
Oktyabrın 17-də minlərlə insanın müşayəti ilə  Sumqayıtın Şəhidlər Xiyabanında dəfn edilib.
Bircə arzusu var idi – Şuşa, ondan başqa heç nə düşünmürdü. Həyatı ancaq post və səngərdən ibarət idi. Elə öz arzuları uğrunda da bu dünyadan getdi...
Azərbaycan Respublikasınım prezidenti cənab İlham Əliyev ölümündən sonra Elçin Zamin oğlu Hüseynovu Vətən müharibəsindəki misilsiz qəhrəmanlıqlarına görə «Vətən uğrunda», «Suqovuşanın azad olunmasına görə», «Vətən müharibəsi iştirakçısı», «Ağdamın azad olunmasına görə» medalları ilə təltif edib. 



 
Azərbaycanın Müzəffər Ordusunun leytenanatı Qorçiyev Anarın həyat yolu ilə sizi tanış edirik:

Əslən Zəngəzur mahalı Qubadlı rayonunun Çardaxlı kəndindən olan Qorçuyev Anar Nadir oğlu, 1987-ci il yanvar ayının 4-də Sumqayıt şəhərində anadan olmuşdur. 1994-cü ildə Sumqayıt şəhər 9 nömrəli tam orta məktətbin 1-ci sinfinə getmiş, 2005-ci ildə isə həmin məktəbin məzunu olmuşdur. Məktəbi bitirdiyi il Azərbaycan Universitetinə qəbul olmuş, 2009-cu ildə bitirmişdir. 2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif sahələrdə çalışan Anar, hər bir kollektivin hörmət və rəğbətini qazanmışdır.
2017-ci ildə hərbi sahəyə olan marağı onu Hərbi Polisə gətirib çıxarmışdır. Daha sonra 2020-ci ilin iyun ayında Ali hərbi məktəbə qəbul olan və Vətən müharibəsi başlananda könüllü olaraq ordumuzun sıralarına qatılan Anar Qorçuyev, öncə xidmətdə olduğu döyüş bölgəsində yeni gətirilən gənc əsgərlərin təlimi, döyüş hazırlığı ilə məşğul olmuşdur.
Xidməti zamanı irəlidə döyüş getdiyindən gənc əsgərlərə də ehtiyac duyulur və onların da aktiv döyüş istiqamətinə aparılma vəziyyəti yaranır. Leytenant Anar Qorçuyev qərara alır ki, öz bölüyü ilə döyüşə girsin. Hərbi hissədə ona bildirilir ki, sən getmə, sən gənc əsgərlərin təlimində lazımsan, özün də gənc, yeni gəlmiş zabitsən. Ancaq Anar Qorçuyevin israrlı təkid və xahişindən sonra ona döyüşə qatılmasına icazə verilir. Beləliklə, Anar Qorçuyev təlim keçdiyi əsgərlərlə Füzuli istiqamətində gedən döyüşlərə qatılır.
Döyüşdə bir çox qəhrəmanlıq  göstərən Anar Qorçuyev oktyabr ayının 7-də həmin istiqamətdə şəhidlik zirvəsinə ucakır.  O Sumqayıt şəhər “Şəhidlər Xiabanında dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev  Müzəffər Ordumuzun  leytenantı Anar Qorçuyevi ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", " Füzulinin azad olunmasına görə " medalları ilə təltif edilib.
Ailəli idi. Üç yaşlı bir qızı və ölümündən sonra dünyaya gələn bir övladı yadigar qaldı.
Anar istəyirdi ki, torpaqlarımız işğaldan azad olunsun, Qubadlıya bayraq sancsın övladları böyüyüb onunla fəxr etsin. Bütün tanıyanların sevimlisi olan Anar xatirəmizdə əbədi yaşayacaq.



 
Verlişin əsas məqsədi ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə uçalan şəhidlərimizi, sağlamlıqlarını vətən yolunda itirən qazilərimizi və müharibə iştirakçılarımızı tanıtmaqdır.     
Verlişin informasiya dəstəyi “XeberTıme.az” sayıtına məxsusdur.                                        
“Tariximizin İmzası” verlişini canlı izləmək üçün: www.tiktok.com/@aqil.live
                                    
Qaynar xətt: 060 237 00 00 (+994 60 237 00 00)  
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 


XeberTıme.az sizə “Tariximizin İmzası” verlişinin fotoxronikasını təqdim edir.



Yeganə Telmanqızı                                   
XeberTıme.az 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ