SON DƏQİQƏ

Ziyalı, işgüzar xanımların Gəncə səfəri-FOTOLAR

Tarix:19-04-2026, 09:42

Bu günlərdə bir qrup işgüzar, vətənpərvər xanımlar – Bakı və Sumqayıt şəhərlərindən olan QHT, media nümayəndələri, qələm adamları şəhid ailələrini ziyarət etmək, onlara mənəvi dayaq olmaq üçün Gəncə şəhərinə səfər etdilər. Nümayəndə heyəti ilk əvvəl “Qarabağ Qaziləri” İctimai Birliyinin Gəncə filialında qonaq oldular. Burada onları filialın sədri Eyvaz Hüseynov və  
görüşün səbəkarı, Patriot News.az saytının rəhbəri Ceyhun Əliyev qarşıladı. Görüşə şəhid ana-bacıları da dəvət olunmuşdu.
Eyvaz Hüseynov qonaqları ofislə tanış etdikdən sonra, Gəncə şəhərində vətənpərvərlik ruhunun təbliği və ictimai həmrəyliyin gücləndirilməsi istiqamətində görülən işlərdən söz açdı. O, filialın fəaliyyəti, qazilərlə aparılan işlər və vətənpərvərlik istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, “belə təşəbbüslər cəmiyyətin müxtəlif təbəqələri arasında əlaqələrin möhkəmləndirilməsində önəmli rol oynayır”.
Səfərin təşkilatçısı, “VİP”Mərkəzinin rəhbəri, jurnalist, yazıçı-publisist Aygün Hacıyeva yüksək səviyyədə qarşılanmaya, göstərilən diqqətə,səmimi, isti münasibətə görə, qonaqlar adından təşəkkürünü bildirdi və görüşdə iştirak edən qonaqları təqdim etdi. 
Dəyirmi masa arxasında baş tutan görüşdə iştirak edən qonaqlardan  Səkinə (Tumas) Həmidova (I Qarabağ müharibəsi qazisi, İtkin şəhid bacısı, “Böyük Qayıdışa Sosial Dəstək” İctimai Birliyinin sədri, “Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İctimai Birliyində sədr müavini“Vətən Naminə” medalı” ilə təltif olunmuş, şəhidlər haqqında çəkilən və çəkilməkdə olan  bir neçə sənədli filmin  ssenari müəllifi və prodüseri (“Dağ Tumasa çəkilən dağlar”, “Dəli Yarğanda  son döyüş”, “Qanlı  Təpə”, “Hacıqaraman ocağı” və s.)); Ruxsarə Cumayeva (“Tutu” ləqəbli Qarabağ qazisi, “Veteran Qadınlar Təşkilatı”nın üzvü, Milli azdlıq hərəkatının, 20 Yanvar  hadisələrinin və I Qarabağ müharibəsinin iştirakçısı); Şükufə Qarabağlı (İctimaiyyətçi, xeyriyyəçi iş adamı);  şair Zülfiyyə İsmayılova (uzun müddət Hərbi Dəniz Donanmasının xəstəxanasında mühasib işləyib, xeyriyyəçi xanımdır.  “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İB-nin İdarə Heyətinin, həmçinin Respublika Ağsaqqallar Şurasının üzvüdür); şair Səringül Atəşin (Qurbanova) ( Sumqayıt şəhər Corat Bələdiyyəsində Məhəllə komitəsinin sədri, Şəhid Ailələrinə “QAYĞI” Cəmiyyətinin Sumqayıt bölməsində  “Poeziya” şöbəsinin rəhbəri, “Ülvi” Aztəminatlılara Dəstək” İB-nin üzvü); Aynur Aslanova (İctimai fəal, təşkilatçı) ürək sözlərini bildirdilər.  
Çıxışlarda tarixi keçmişə nəzər salındı, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, Qarabağ savaşlarından,  şanlı Zəfərdən, geri alınan torpaqlarda aparılıan yenidənqurma işlərindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində aparılan məqsədyönlü fəaliyyətdən danışıldı. Qeyd olundu ki, bu gün yaşadığımız xoşbəxt günlər üçün Vətən yolunda canlarını qurban vermiş Qəhrəman oğul və qızlarımızı unutmağa heç kimin haqqı yoxdur və şəhid ailələri daima yad edilməli, şəhidlərin həyat hekayələri, keçdikləri şərəfli döyüş yolları gələcək nəsillərə çatdırılmalıdır.
Təqdimatdan sonra qonaqlar And yerimiz olan Şəhidlər Xiyabanında oldular, şəhidlərin əziz xatirəsi anılaraq məzarları üstünə tər çiçəklər düzüldü, ruhlarına dualar oxundu. Qonaqlarla gələn məktəbli Leyla Məmmədovanın (qiraət, musiqi, rəqs və aktyorluq sahəsində qazandığı uğurlarla seçilir, müxtəlif respublika müsabiqələrinin qalibi kimi tanınır və bir sıra televiziya və film layihələrində iştirak edir), şairlərdən Səringül Atəşin və Zülfiyyə İsmayılın  ifasında şəhidlərə, şəhid anasına, Zəfərə həsr olunmuş şeirlər səsləndi.
Daha sonra   dörd şəhid ailəsi ziyarət olundu. Qəhrəman oğulların ev muzeyi ilə tanışlıqdan sonra, anaların dilindən həyat hekayələri dinlənildi. Təəssüf ki, yeganə övladını tək böyüdən, həsrətdən, intizardan qəlbi sızlayan, gözləri hələ də yol çəkən, ümidlə qapıya dikilən analara - Vətən müharibəsi şəhidləri Rəşad Ələkbərovun anası Nailə xanıma, Rəşad Məmmədovun anası Rəfiqə xanıma və digər ana-bacılara, atalara, qardaşlara təskinlik verməyə söz tapılmadı...
Görüş Gəncə İmamzadəsini ziyarət etməklə başa çatdı...

Bəli, Vətən - köksü vətən sevgisi ilə döyünün qəhrəman övladların  sayəsində VƏTƏNdir! “AZƏRBAYCAN”adlı məmləkət tarix boyu movcud olub və VAR da olacaq! Çünki bu Vətənin onun hər qarış torpağını qorumağa, yeri gələndə canını fəda etməyə hazır olan qeyrətli, mərd, mübariz, əyilməz... nər kimi oğul və qızları var!!!
Ruhları şad olsun bütün Allahın SEÇİLMİŞLƏRi olan Cənnətməkan Şəhidlərimizin! Uca Allah Şəhidlərimizin əziz-dogmalarını qorusun, ailələrə səbir, dözüm, qazilərimizə şəfa versin! Uca Allah Vətənimizi, millətimizi, xalqımızı, Ordumuzu qorusun, bir daha müharibələr olmasın, ana-ataların, bacı-qardaşların... gözlərindən sevinc göz yaşları axsın! Amin! 




AYGÜN HACIYEVA,
AJB, AYB və AAB-nin üzvü.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ