SON DƏQİQƏ

İtkin şəhid Əli Quliyevin ailəsi ziyarət olunub-FOTO+VİDEO

Tarix:8-05-2026, 23:27

Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin bir neçə müəllimi ilə birlikdə vətən yolunda itkin düşən qəhrəman oğullardan biri şəhid Əli Quliyevin ailəsi ziyarət olunub.   
İtkin əsgər şəhid Əli Quliyevin həyat və döyüş yolu ilə sizi tanış edirik:
 
Quliyev Əli Əkbər oğlu 13 mart 1975-ci il Sumqayıt şəhərində sadə zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Əli Anaxanım ananın və Əkbər atanın ikinci övladı idi. Ailədə 3 uşaq böyüyürdü: Akif, Əli, Yeganə.                                                                 
Əli tam orta təhsilini Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə alır. Çox zəhmətkeş, vətənini, bayrağını sevən  həmdə dərslərində əlaçı bir şagird olmuşdur. Ən çox sevdiyi fənn riyaziyyat fənni idi. 1993-ci ildə orta məktəbi bitirir elə həmin ilin noyabr ayında Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə yola düşür. Ağdam rayonu ərazisində N saylı hərbi hissədə xidmətə başlayır, döyüş əməliyyatlı təlimlər keçir. 1994-ci ilin yanvar ayında Əli Quliyev Ağdərə uğrunda gedən şiddətli döyüşlərdə iştirak edir və 29 yanvar ağır döyüşlərin birində yaralanaraq mühasirəyə düşmüş və itkin düşmüşdür. Bu günə qədərdə tapılmayıb. 
 
Şəhid Əli Quliyevin anası Anaxanım ana bizimlə həmsöhbət oldu:                                     
- Oğlum Əli vətən uğrunda, azadlığımız uğrunda şəhid oldu. Hələ kiçik yaşlarında hərbiyə, silah atmağa həvəsli uşaq idi və deyirdi ki, “Mən qəhrəman olacam!” o öz arzularının dalınca getdi.. Bir ana üçün ən ağır həsrət övlad həsrətidir...                                  
Ən böyük arzum oğlumun nəşinin tapılmasıdır, qurban demişəm o günə... Sağ olduğum müddətdə ziyarət edəcəyim bir məzarın olmasını çox istəyirəm. Bu dünyadan köçəndə gözüm arxada, qəlbim nisgilli qalmasın…” Çox sağ olun ki, bu gün Əlinin ocağına ziyarətə gəlmisiz, bir şəhid anası kimi minnətdaram hər birinizə.                                                               
 
Şəhidin ailəsinin qonağı olarkən Əlinin riyaziyyat müəllimi Şahin müəllim onun haqqında xoş xatirələrini bölüşdü. Müəllimin ən sevimli şagirdlərindən biri olan Əlinin tərbiyyəsindən, dərslərə olan marağından və nümunəvi davranışlarından qürurla danışdı. Əli müəllimlərinin və onu tanıyan hər kəsin yaddaşında xoş xatirələrlə yaşayır. 
 
Ailənin ziyarətində könüllü gənc, şəhid nəvəsi Əziz Əzizov bildirdi ki, yaxın günlərdə Əlinin təhsil aldığı Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə onun əziz xatirəsinə  həsr olunmuş anım tədbir keçiriləcək. Tədbir çərçivəsində şəhidin adına daşıyan sinifin açılışı baş tutacaq.   
 
Bəli şəhidlərimiz unudulmayan qəhrəmanlarımızdır! Onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır. Şəhid ailələrinə göstərilən diqqət və ehtiram hər birimizin mənəvi borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin.                                                               
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 


XeberTıme.az şəhid Əli Quliyevin ailəsinin ziyarətində çəkilən video çarxı sizə təqdim edir:   




Yeganə Telmanqızı                                   
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ