SON DƏQİQƏ

Vətən üçün yaşayan bir ömrün ağrısı və qüruru

Tarix:18-05-2026, 17:40

Nəvəfova Bəsti Hüseyinxan qızı 1947-ci ilin avqust ayında Laçın rayonunun Əhmədli kəndində dünyaya göz açıb. O, uşaqlıqdan bu müqəddəs torpağın havası ilə nəfəs alıb, suyundan içib, zəhmətə alışıb, həyatın bütün çətinliklərinə sinə gərərək böyüyüb. Elə doğma kəndində ailə qurub, ömür-gün yoldaşı Nəcəfov Qabil Abbasqulu oğlu ilə birlikdə halal zəhmətlə həyat sürüb. Qabil kişi kənddə zootexnik kimi çalışaraq həm ailəsinə, həm də el-obaya xidmət edib.Bu ailənin ocağında dörd oğul böyüyüb – hər biri Vətənə layiqli övlad kimi tərbiyə alıb. Bu övladlardan biri – Nəcəfov Şamil Qabil oğlu 1970-ci il fevralın 5-də dünyaya gəlib. Uşaqlıqdan mərdliyi, cəsarəti və Vətən sevgisi ilə seçilən Şamil böyüyərək  Xankəndində sürücülük məktəbini bitirib. Daha sonra Rusiyanın Komsomolsk rayonunda hərbi xidmət keçərək öz borcunu layiqincə yerinə yetirib və bu xidmətinə görə serjant rütbəsi alıb.
1992-ci il... Azərbaycan torpaqları ağır sınaqlardan keçirdi. Erməni silahlı qüvvələrinin hücumları nəticəsində doğma yurd-yuvalar dağıdılır, insanlar didərgin düşürdü. Belə ağır günlərdə Şamil Vətən qarşısında borcunu dərk edərək könüllü şəkildə cəbhəyə yollanır. O, təkcə bir oğul deyil, bütöv bir xalqın ümidinə çevrilmiş igidlərdən biri idi.
Laçının işğalı günlərində kənddə demək olar ki, heç kim qalmamışdı. Bu ailə isə son ana qədər torpağı tərk etməmişdi. Nəhayət, məcbur qalıb yola düşəndə, taleyin ən ağır sınağı ilə üzləşirlər. Laçın avtovağzalında onların olduğu avtomobillər rus və erməni silahlı qüvvələrinin hücumuna məruz qalır.
O anda Şamil geri çəkilmədi. Onunla birlikdə Laçının Quşçu kəndindən olan iki silahlı qardaş da döyüşə qoşuldu. Üç igid, üç mərd ürək, üç Vətən oğlu... Onlar sayca qat-qat üstün olan düşmənə qarşı son güllələrinə qədər vuruşdular. Məqsədləri yalnız bir idi – arxalarında olan günahsız insanları qorumaq.
Qeyri-bərabər döyüşdə onlar qəhrəmancasına şəhid oldular. Bu döyüşdə ondan çox düşmən məhv edilsə də, silah və say üstünlüyü qarşısında üç igidin gücü yetmədi. Düşmən 3 maşın dolusu azərbaycanlını əsir götürdü. Onların arasında Şamilin atası – Qabil kişi də vardı.
Dörd ay davam edən əsirlik... İşgəncə, zülm, ağrı... Nəhayət, əsir mübadiləsi zamanı Qabil kişi azadlığa qovuşsa da, əsirlikdə aldığı ağır işgəncələrin izləri onu yaşatmadı. O, Sumqayıtda dünyasını dəyişdi. Beləcə, bu ailə həm oğul, həm də ata itkisi ilə sarsıldı.
Bu gün Nəvəfova Bəsti ana Sumqayıt şəhərində yaşayır. Ömrünün ən böyük ağrısı isə oğlunun taleyinin hələ də naməlum qalmasıdır. Dəfələrlə analizlər verilib, axtarışlar aparılıb, müxtəlif qurumlara müraciətlər olunub... Amma hələ də bir xəbər yoxdur.
Ana ürəyi isə ümidini itirmir. Hər gün, hər an Şamilin adını çəkir, onun yolunu gözləyir. Lakin zaman keçir, illər ötür, amma bu nisgil dəyişmir. Bəsti ana üçün həyatın ən ağır yükü – bir ömür “Şamil” deyə-deyə yaşamaqdır.
Bu hekayə təkcə bir ailənin faciəsi deyil. Bu, Vətən uğrunda verilən qurbanların, çəkilən əzabların, yaşanan ağrıların canlı salnaməsidir. Şamil kimi igidlər Azərbaycanın azadlığı uğrunda canlarını fəda edərək tarix yazdılar. Onların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Şəhidlər unudulmur. Onlar hər zaman qəlbimizdə yaşayır, bizə Vətəni sevməyi, qorumağı və yaşatmağı öyrədirlər.

 Rauf İLYASOĞLU

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ