SON DƏQİQƏ

İki əsrin Generalı- HEYDƏR ƏLİYEV

Tarix:31-05-2023, 11:59

İlhamə Həsənova- Heydər Əliyev Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi.                              
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi şəxsiyyətlər var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. 

Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır.       
Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi. Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı.
Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. 

Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.                                               
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi ümummilli lider Heydər Əliyevin xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir.                                  
Bundan istifadə edən ermənilər ölkəmizə qarşı uydurma ərazi iddiaları irəli sürərək əzəli torpağımız olan Dağlıq Qarabağ ətrafında hərbi təcavüzə başladı. Əgər o vaxt Heydər Əliyev Azərbaycanda və ya sovet rəhbərliyində olsaydı heç vaxt Dağlıq Qarabağ kimi problem meydana çıxmazdı. Heydər Əliyev amili, onun gücü, qüdrəti erməni millətçilərini belə təxribatlardan çəkindirirdi.                              

Heydər Əliyevin davamçısı olan güclü siyasətçi, dövlət başçıları arasında böyük nüfuza malik olan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Dəmir yumuruq” əməliyyatı nəticəsində ölkəmiz qalibiyyət əldə etdi, dünyada tanındı.                
Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, Muxtar Respublikanın adından «sovet sosialist» sözləri çıxarıldı, üç rəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi.                                   
Lakin 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. 
Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü.  Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.
Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra hüquq sistemi və qanunlar sivil və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat verildi.                                 

Ulu Öndər prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci ilin aprelində keçirdiyi görüşdə hüquqi islahatlarla bağlı deyirdi: "Bu islahatları ona görə aparmırıq ki, kimsə bizə deyir, kimsə bunu bizdən tələb edir. Biz özümüz anlamalıyıq ki, "hüquqi, demokratik dövlət qururuq" elan edən prezident gərək onu təmin etsin. Bunu təmin etmək də qanunlarla ola bilər".                       
Gərgin fəaliyyət nəticəsində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə yüksək dəyərləndirildi.  
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı. Bu addımların atılmasında məqsəd məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-tərbiyə işini humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək idi. Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin müstəsna əhəmiyyəti nəzərə alınaraq Nazirliyin tərkibində icra xidməti təsis edildi, istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə olan və bir sıra digər cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə olundu.                       
Məhkəmə hakimiyyətini yaratmaq üçün ölkədə köklü məhkəmə-hüquq islahatlarının aparılmasının zəruriliyini nəzərə alan Ümummilli Liderin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında" yeni Qanun qəbul olundu və məhkəmə islahatlarına dair proqram xarakterli Fərman imzalandı. Bunun davamı olaraq məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq, əksinə demokratik məhkəmə nəzarəti institutu formalaşdırıldı. 
2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə seçilmiş və nəticədə hakim korpusu 60% təzələndi. Həmçinin, bütün hüquq-mühafizə orqanlarında və vəkillik xidmətində mütərəqqi islahatlar aparıldı, onların fəaliyyəti demokratik dəyərlərə uyğun quruldu.
Müstəqilliyimizin on ili - 1993-2003-cü illər ərzində dahi Heydər Əliyev “Siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi. Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı. Respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi dövlətimizin dünyada yüksək nüfuzunu təcəssüm etdirir.
Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu da xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalqımızın Heydər Əliyev ocağına olan sevgisini daha da gücləndirir.                             

Eyni zamanda, ölkə Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə hakimiyyətinin müstəqilliyinin güclənməsinə xidmət edən mütərəqqi islahatlar aparılmış, bu sahədə qanunvericilik təkmilləşmiş, hakimlərin şəffaf seçim qaydası müəyyən olunaraq hakim korpusu təzələnmiş, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin özünüidarə orqanları yaradılmış, müasir İKT-nin, dövlət başçısının Sərəncamı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli tədbirlər görülmüşdür.
Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq.                           

Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyev siyasi irsidir. Hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.      
Dahi öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir. Çünki, xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur. Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir.
Ümummilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində islahatlar həyata keçirmişdir. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Möhkəm ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra ümummilli liderimizin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiya qəbul edildi. Konstitusiyamızla Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq islahatlarının aparılmasına başlanılmışdır. Bununla əlaqədar yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək ulu öndər qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edən mühüm qanun və məcəllələrin qəbul edilməsinə nail olmuşdur.

2000-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamış, ölkəmizdə ilk dəfə olaraq test üsulu ilə şəffaf prosedurlarla yeni hakim korpusu formalaşdırılaraq, onların yüksək statusu müəyyən olunmuşdur. Eyni zamanda, respublikada Konstitusiya Məhkəməsinin təsis edilməsi və fəaliyyətə başlaması da dahi öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə çox geniş səlahiyyətlər verilmiş və bu orqan hüquqi dövlətin və demokratiyanın inkişafında mühüm təsisat olmuşdur. Dahi öndərin apardığı humanist siyasət nəticəsində Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmiş, 1995-ci ildən əvvəl unudulmuş əfv və amnistiya təsisatları bərpa edilmiş, 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanmışdır.                              
Heydər Əliyevin hakimiyyəti illərində vətəndaş cəmiyyəti quruculuğu sahəsində də mütərəqqi dövlət siyasəti formalaşmış, siyasi partiyaların və qeyri-kommersiya qurumlarının sərbəst və maneəsiz fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır.                              
Ümummilli liderimizin söylədiyi bütün fikirlər hər birimizin fəaliyyət prinsipinə çevrilmişdir. Onun uzaqgörənliklə söylədiyi bir fikir hüquq işçilərinin üzərinə daha böyük məsuliyyət qoyur: "Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir". 

                    
Ümummilli lider Heydər Əliyevin həyata keçirilən səmərəli hüquqi islahatlar kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qısa dövr ərzində imzalanan fərman və sərəncamlar ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir.  Buna variz nümunə olaraq Regional Hüquq Bürolarının fəaliyyətinin daha da təkmilləşməsi irimiqyaslı işlər görülür. Mərkəzlərin zəruri biliyə malik hüquqşünas kadrlarla, əhalinin hüquqi maarifləndirilməsi görülən işlər nəticəsində getdikcə genişlənir. Əhalinin öz hüquq və vəzifələrini həyata keçirməsi üçün əlverişli şərait yaradılmışdır.                              
Ulu öndər tərəfindən başlanmış və bu gün də davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla, ölkənin hərtərəfli tərəqqisinə xidmət edir.
Ulu öndərimzin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün bundan sonra da yüksək əzmlə çalışacağıq.
Ölkəmizin əsl bayram təntənəsi yaşadığı Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi Azərbaycanlı, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günlərində müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil edən Vətən, xalq qarşısında misilsiz xidmətləri bütün dünya azərbaycanlılarının yüksək ehtiramı ilə ölkəmizin hər yerində və onun hüdudlarından kənarda geniş qeyd olunur, bu  münasibətilə xalqımızı təbrik edirəm.

Hörmətlə:
İlhamə Həsənova                                           
Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin üzvü


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ