SON DƏQİQƏ

HEYDƏR ƏLİYEV Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir

Tarix:31-05-2023, 12:09

Əkbər Yusifoğlu- Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var.                                                        
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.  Həmin dövrdə Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı. Xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev “Müstəqil Azərbaycanın memarı oldu.             
Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.  
Sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. Ulu Öndərin 1994-cü ildə imzaladığı Cinayətkarlıqla mübarizəyə yönəlmiş tarixi fərmanı qanunçuluğun və hüquq qaydalarının  möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli təmin etdi.  Eyni zamanda, ölkəmizdə siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının sərbəst nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verdi.
İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı.                                                  
Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlandı və İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı.                                               
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ədliyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi də dahi rəhbərimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının bariz təzahürü olmuşdur. Demokratik hüquqi dövlətin təməl daşlarından biri hesab olunan müasir müstəqil məhkəmə hakimiyyətinin bərqərar olması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.                     
Dahi öndərin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı. Məhz həmin vaxtdan Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən ilk dövlətlərdən oldu.   

    
Görülmüş tədbirlər əhali arasında məhkəmələrə etibarı xeyli artırdı, məhkəmələr barədə keçmiş sovetlər birliyindən miras qalmış «cəza orqanı» təəssüratı aradan qalxdı. Artıq insanlar pozulmuş hüquqların müdafiəsi üçün digər orqanlara deyil, məhz məhkəməyə müraciət etməyə başladı. Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı.                            
Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir. 2020-ci ildə “Dəmir Yumuruq” siyasəti ölkəmizi qalibiyyətə apardı və dünya tarixinə 44 günlük Vətən Müharibəsində Zəfər qazanmış ölkə olaraq düşdü, dünya miqyasında Erməni Respublikasına qalibiyyət tarixi yazmış Müstəqil Azərbaycan Respublikası olaraq tanındıq.                                                
Ulu Öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir.  
Hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq Prezidenti Corc Buşun “Şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin “Siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirakın “Qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi bu günlərdə yenidən göz önündə canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan edildi. Bu tarixi qərar idi. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.                                             
"Qoy ədalət zəfər çalsın!" – Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrildi.


Hörmətlə:                                            
Əkbər Yusifoğlu                                          
Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ