SON DƏQİQƏ

Fəxr edirəm ki, YAP-ın yaradıcılarındanam.

Tarix:30-01-2024, 18:24

Qələm dostumuz hüquqşünas, şair-jurnalist Ədalət Əroğlu qardaşı Nüsrət İzzətoğlunun vaxtilə çap olunmuş bir neçə kitabını mənə hədiyyə etdi.Qafarov Nüsrət İzzət oğlu Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olmuşdur.
1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmiş və bir çox qəzetlərin redaktoru işləmişdir.
Nüsrət Qafarovun 7 kitabı işıq üzü görmüşdür. Kitablarından biri " Fəxr edirəm ki, YAP-ın yaradıcılarındanam" adlanır. Kitab ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.
2006-cı ildə çap olunmuş kitabın ön söz müəllifi  Telman Mehdixanlı yazır: 
“Hər bir yazılan bir tarixdir. Əsl insan o kəsdir ki, gördüyünü, anladığını olduğu kimi yaza, gələcək nəslə çatdıra. Bu baxımdan Nüsrət Qafarov istedadlı yazarlardandır. O, dahi şəxsiyyət Heydər Əliyevlə olan görüşlərini, söhbətlərini elə gözəl, səmimi, təbii şəkildə əks etdirir ki, oxucu istər-istəməz həm tarixi həqiqətlərimizin saflığını duyur, həm də əsəri birbaşa oxuyub qurtarmaq istəyir.
Nüsrət Qafarovun dahi şəxsiyyət Heydər Əliyevə olan sonsuz məhəbbəti əsərdə daha qabarıq hiss olunur."
Nüsrət Qafarov kitabında  qeyd edir ki, 1990-cı illərin əvvəllərində vaxtilə vəzifə verdiyi adamların Heydər Əliyev şəxsiyyətinə qarşı çıxışları məni rahat buraxmırdı.
Sonralar eşitdim ki, Riyaziyyat İnstitutunda yerləşən "Əlincə" cəmiyyətində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı tədbirlər görülür. Həmin tədbirdə ilk tanış olduğum Əli Nağıyev, Ağabəy Əsgərov və Səyyad Aran oldu. Onlar  Sumqayıtda gələcəkdə YAP-a  ilk arzuolunanları qeydiyyata  almaq üçün blankları mənə verdilər. Qısa müddətdə yaxın dostları, qohumları bir yerə yığaraq  100 - dən çox imza topladım və qərargaha təqdim etdim. Onu da qeyd edim ki, Sumqayıt şəhərində Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən ilk təəssübkeş mən olmuşam-deyən Nüsrət Qafarov yazır ki,  Naxçıvana YAP - ın təsis konfransına getmək haqqında sifariş aldım. Naxçıvan mənim üçün ən müqəddəs yerlərdən biridir. Məni ikinci dəfə Naxçıvana çəkib aparan Heydər Əliyev məhəbbəti idi; 

"Son ümid yerimiz 
Heydər babadır, 
Deyərək üz tutduq
Biz Naxçıvana.
Sağ olsun, sözümüz düşmədi yerə
Sanki həyat verdi
Azərbaycana.

Nüsrət Qafarov  kitabın növbəti bölümündə yazır;
- Axşam saat 11-də Naxçıvan Ali Məclisinə gəldik. Bir neçə dəqiqədən sonra Heydər Əliyev bizi qəbul etdi və özünəməxsus tərzdə salamladı.
Sonra Respublikamızın müxtəlif bölgələrindən  gəlmiş əmək adamlarına, ziyalılara söz verdi. Sonra Heydər Əliyev mənə də söz verdi; 
"Sumqayıtdan gələn nümayəndə danışsın,  görək nə var, nə yox məmləkətimizdə" - yarızarafat, yarıciddi şəkildə mənə tərəf baxdı.  
Mən həyəcan keçirirdim. Birtəhər özümü ələ alıb sözə başladım;.
- Hörmətli Heydər baba! Mən Cəbrayıl rayonunda adi zəhmətkeş bir ailədə anadan olmuşam.
Özümü dərk edəndən sizi yaxından görmək həsrətiylə yaşamışam.
Şəxsən sizin imkansız,  zəhmətkeş balalarına göstərdiyiniz atalıq qayğısı sayəsində həmyaşıdlarımla  birlikdə universitetin hüquq, tarix, şərqşünaslıq fakültələrinə daxil olmuşuq.
Yəqin ki xatırlayırsınız; 70-ci illərin ortalarında BDU-nin  rektoru işlımiş  Faiq Bağırzadəyə qeyri-rəsmi şəkildə göstəriş vermişdiniz  ki, hüquq fakultəsinə ancaq və ancaq fəhlə, kolxozçu və kasıb uşaqlarının sənədlərini götürün. Faiq müəllim isə bir qədər irəli gedərək bunu başqa fakultələrə də tətbiq etmişdi. Sizin verdiyiniz göstərişin ikinci ili universitetə qəbul olundum. Onda mənim kimi yüzlərlə kasıb balaları ömrünüzə dua oxuyurduq.
Heydər Əliyev dərin fikrə getmişdi. Bu an mənə elə gəldi ki, ötən günlər bir kino lenti kimi onun gözləri önündən keçirdi.
Yəqin ki, verdiyi neçə-neçə ədalətli qərarları, rüşvətxorluğa, əliəyriliyə, korrupsiyaya qarşı qol çəkdiyi fərmanları xatırlayırdı. Mənim isə həmin an yadıma Heydər Əliyevin Respublika mətbuatında dərc olunmuş "Qoy ədalət zəfər çalsın" başlıqlı məqaləsi düşdü .
Kiçik fasilədən sonra sözümə davam etdim; - Möhtərəm Heydər Əliyev! Artıq Respublikamızda davam edən erməni - Azərbaycan müharibəsi, haqsızlıqlar xalqı boğaza yığmışdır.
Silahlanmış düşmən torpaqlarımızı  işğal etmək istəyir. Cəbhədə əsgərlərimiz  ümid, inam  yeri kimi Sizin yolunuzu gözləyirlər.
Çıxışım sona çatdı. Hamı Heydər Əliyevə baxırdı.
Rəhbər mənim çıxışımdan sonra xeyli xəyala dalmışdı.
Nəhayət mənə dedi: 
- Buyur, əyləş. 
Dahi şəxsiyyət dərindən nəfəs alıb aramla söhbətə başladı;
-  Bu gənc oğlan mənim yadıma  qəribə, maraqlı faktları saldı.
Mən həmişə istəmişəm ki, kasıbların da balaları oxusunlar, irəli getsinlər, haqq- ədalət üzülməsin, varlı-kasıb söhbətləri olmasın.
Heç kimin gözləmədiyi halda H.Əliyev mənə tərəf  baxıb dedi; - Bu gəncin indi  orta hesabla 34 yaşı var.
Dahi insan yaşımı necə dəqiq demişdi.
Dahi şəxsiyyət  sonra dedi; " Xalqımıza belə əxlaqlı, savadlı, düşüncəli gənclər lazımdır".
Tədbirdən sonra Heydər Əliyev mənə dedi; - Oğlum, Görürəm həyəcanlısan. Nə sözün var çəkinmə,  de.
Sizin kimi alicənab bir şəxsiyyətlə  üzbəüz görüşməyimdən qürur duyduğumu bildirdim .  
Dahi insan çox məmnun oldu.
Səhərisi gün YAP- ın təsis konfransında Heydər Əliyev geniş və əhatəli nitq söylədi. Sürəkıi alqışlarla mən də Siyasi Şuraya üzv seçildim.
Axşam isə Heydər Əliyev bizi, yəni Siyasi Şuranın üzvlərini Naxçıvan Ali Məclisinin iclas zalında qəbul etdi.
H.Əliyev mənim haqqımda dedi; - Xalqımıza belə əxlaqlı, savadlı, düşüncəli gənclər lazımdır. Ümumiyyətlə isə gənclər böyük qüvvədir, mən onlara arxalanıram.
Və Sumqayıtda sədr olmaq təklifimə zarafatla;-  Get, Sumqayıtı verdim sənə , - dedi.
Bakıya qayıdanda hamı mənə həsədlə baxırdı ...
Onu da qeyd edim ki Nüsrət Qafarov öz ixtisasına uyğun işləsə də, bir dəfə də olsun vəzifəyə keçmək haqda düşünmədi.
Halallıq onun qanında idi. Ona qarşı paxıllıq hissi də çox idi.
Mərhum yazıçı Qalib Əhmədovun "91- lər " kitabında Nüsrət Qafarovun fəaliyyətini xüsusilə qeyd etmişdir.Lakin bəzi bədxahlar, yaltaq və paxıllar nə yolla olursa olsun , Nüsrət Qafarovun irəli keçməsinə maneçilik törətmişlər.Bu haqsızlığa dözə bilməyən və  bir müddət işsiz qalan  YAP - ın ilk yaradıcılarından olan  Nüsrət müəllim 2014 cü ildə  dünyasını dəyişmişdir. 
Bu gün Nüsrət Qafarov aramızda olmasa da, onun gördüyü xidmətlər unudulmur.
Nüsrət İzzətoğlu  YAP- a həsr etdiyi poemalarının birində yazırdı;
Bədxahlar, paxıllar 
Min böhtan atdı.
Təzəcə yaranan
birliyimizə.
Faydası olmadı 
Şərin, böhtanın,
Xalqımız səs verdi 
Haqq səsimizə.

Nüsrət Qafarovun vaxtilə heç kəsin cəsarət edib yaza bilmədiyi bu kitabları vərəqləyərkən onun necə mübariz, prinsipial bir şəxs olduğunu  oxucu daha aydın hiss edir.
Mərhum qardaşım, şəhid atası Niyaz Allahverdiyevin  acı talehi yadıma düşdü.Nüsrət Qafarovla Niyaz Allahverdiyevin  taleləri necə də bir - birinə oxşayır.Niyaz  da 19 yaşında olarkən Sumqayıt Boru Yayma zavodunda qabaqcıl tokar işləyərkən partiya sıralarına daxil olmuş , bir neçə il BDU - nin hüquq fakultəsinə imtahan versə  də, atasının "  Kommunist" ( indiki Xalq qəzeti)  qəzetində xüsusi müxbir işləməsini xain qüvvələr qəstdən   bəhanə edərək  ona qarşı maneçilik törətmişlər.
Azərbaycan KP MK - nın birinci katibi Heydər Əliyev Sumqayıt Boru Prakat zavoduna gələrkən qabaqcıl işçi olaraq tribunada çıxış edən Niyaz Allahverdiyevi dahi şəxsiyyət  iki gün sonra qəbul etmiş və Nüsrət müəllimin qabartdığı məsələni Niyaz İlyasoğlu da yada salmışdır....
Nüsrət Qafarovun 1998-ci ildə çap etdirdiyi
 "Şəxsiyyətlə üz üzə" kitabı dahi şəxsiyyət Heydər Əliyevlə görüşlərinə həsr edilmişdi.
Son dərəcə Heydər Əliyev siyasətinə sadiq qalan Nüsrət Qafarov doğulduğu yurdunun  təəssüf ki, azad olunduğu günü  görmədi.
Nüsrət Qafarovun yolunu qardaşı AYB-nin və  AJB - nin üzvü, şair-jurnalist, “İzzət”  M M C Hüquq xidməti Mərkəzinin rəhbəri  Ədalət İzzət oğlu Qafarov şərəflə davam etdirir.
Ədalət Əroğlu 44 günlük Vətən müharibəsində ordumuzun şanlı qələbəsindən, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İLHAM ƏLİYEVİN sərkərdəlik bacarığından  yorulmadan yazıb yaradır.
Yüzlərlə tədbirlərin aparıcısı olan Ədalət müəllim vətəndaşlara hüquqi yardım göstərir.  Dövlətimizin daha da qüdrətlənməsi naminə əzmlə çalışır.
Ümid edirəm ki, YAP-ın Sumqayıtda ilk yaradıcısı olan Nüsrət Qafarovun xidmətləri unudulmayacaq və onun yolunu davam etdirən qardaşı Ədalət Əroğlunun səmərəli fəaliyyəti  də layiqincə qiymətləndiriləcəkdir.

Rauf İlyasoğlu 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ