SON DƏQİQƏ

Xalqın qəlbində əbədi yaşayan Ümummilli Lider

Tarix:23-04-2024, 03:18

Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi elə bir tarixi şəxsiyyətdir ki, Onun haqqında danışanda yalnız həyatı və fəaliyyəti barədə deyil, dövlət idarəçiliyində təmsil olunduğu və Azərbaycan xalqının mühüm tarixi dövrünü əhatə edən bütöv bir qərinədən bəhs etmək lazım gəlir. Ona görə ki, Ümummilli Lider Heydər Əliyev bütün ömrünü mənsub olduğu xalqa, onun inkişafına, minilliklərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılmasına həsr edib. Birmənalı şəkildə demək olar ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlər göstərib. Bu xidmətlər tarixin yaddaşına qızıl hərflərlə yazılıb.Heç şübhəsiz, qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük dühalardan biridir. O, Öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də malik olduğu qətiyyət və siyasi iradə sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıda bilib.
Keçmiş Sovetlər İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından  və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı olan elmi- tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi- texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın keçmiş İttifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial- iqtisadi həyatında yüksəlişə təkan vermişdir. 
 Ulu Öndər Azərbaycanın işıqlı və parlaq gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdur. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən – Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlamışdır.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. 
 Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişafmərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş,tərəqqi var. İqtisadi artım tempinə görə, respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib. 
Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu önədimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Azərbaycan tarixinin görkəmli siması olan Heydər Əliyev xalqımızın qəlbində özünə abidə qurmuş şəxsiyyətdir. Azərbaycanın yeni tarixi məhz ulu öndərin liderliyi və müəllifliyi ilə yaranıb. Bu dahi insan dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara daxilən bağlı olub. Azərbaycanın məşhur isimlərinin malik olduğu ali keyfiyyətlər küll halında Heydər Əliyev dühasının kamil şəxsiyyətində təcəssümünü tapır. Ümummilli lider unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanıb. 
 Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.
Bu gün böyük fəxr hissi ilə qeyd olunmalıdır ki, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Məhz Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi və hüquqi islahatlar strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Hazırda Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.
Müasir dünya tarixində yaradıcı iz qoymuş tarixi şəxsiyyətlərlə ortaq məziyyətlər daşıdığı üçün və bəzi hallarda isə həmin siyasi xadimləri belə üstələyən keyfiyyətlərə malik olduğu üçün Heydər Əliyev dünya miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan xalqının hər zaman fəxr edəcəyi və həyat yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir.Bütün oxşarlıqlarla yanaşı, Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi müasirlərindən fərqli olaraq təkcə öz dövrünün deyil, daha geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət xadimidir. 
Hər bir tarixi şəxsiyyətin xidmətləri mənsub olduğu xalqın yaddaşında əbədi qalır, ancaq bununla məhdudlaşmır. Çünki elə dühalar var ki, onlar həm də bəşər əhəmiyyətli işlər görürlər. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev məhz həmin şəxsiyyətlərdəndir.Tarix sübut edir ki, müəyyən səbəblərdən milli dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən xalqlar çətin sınaqlarda məsuliyyəti üzərinə götürmüş qətiyyətli liderlərin sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmiş, milli ideya ətrafında birləşmişlər. Ulu öndər Heydər Əliyev öz xalqına, Vətəninə sonsuz sədaqəti, tükənməz məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin əməyi ilə Azərbaycanın iyirminci əsr ictimai-siyasi, sosial-iqtisadi, mədəni və mənəvi həyatında dönüş yaradaraq ümummilli liderlik ucalığına yüksəlmişdir. Müdrik rəhbər böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış və ən başlıcası müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin ən böyük nəticəsi xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndərin Azərbaycan tarixində ən böyük xidmətlərindən biri də olduqca ağır şəraitdə müstəqilliyimizi xilas etmək, hüquq və ədalətə, demokratik inkişafa əsaslanan güclü dövlətçiliyin əsasını qoymaqdan ibarət olmuşdur. Məhz böyük öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqillik tarixində yeni, real dövlət quruculuğu səhifəsi açılmışdır. 
 Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur. Heydər Əliyev universal zəka sahibi olan görkəmli dövlət xadimi idi.Cəmiyyət həyatının ən müxtəlif sahələrinə kamil mütəxəssis səviyyəsində dərindən bələd olmaqda onunla müqayisə edilə biləcək dövlət xadimi göstərmək çətindir. Haqlı olaraq onun adını dünya siyasətində özünü təsdiq etmiş Corc Vaşinqton, Vilyam Çörçil, Şarl de Qoll, Mustafa Kamal Atatürk kimi qüdrətli dövlət xadimləri ilə bir sırada çəkirlər. Həqiqətən dünyada gedən siyasi prosesləri dərindən təhlil edib dəyərləndirməkdə, nəticələr çıxarmaqda, həll yollarını proqnozlaşdırmaqda da Heydər Əliyev əlçatmaz zirvədə dayanır.   
Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının xilaskarı və memarı, Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcısı Ulu Öndər Heydər Əliyev dühasının əzəməti, Onun böyüklüyü, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün göstərdiyi misilsiz, təkrarolunmaz xidmətləri daha aydın və qabarıq şəkildə nəzərə çarpır. Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütövlükdə müsəlman-türk dünyasının bu günədək gəlmiş-keçmiş görkəmli öndərlərindən biridir. Heydər Əliyev tarixin gedişatını dəyişə bilən, yeni tarix yaradan dövlət xadimi idi. Onu Mustafa Kamal Atatürklə, Uinston Çörçillə, Den Syaopinlə müqayisə etmək olar. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycana zaman-zaman böyük dövlət xadimləri, sərkərdələr, siyasətçilər rəhbərlik etmişlər. Lakin Heydər Əliyev qədər Azərbaycan tarixində mühüm rol oynayan, xalqına, millətinə və dövlətçiliyinə xidmətlər göstərən, onun inkişafı üçün sözün tam mənasında xilaskarlıq missiyasını yerinə yetirən ikinci dövlət xadimini təsəvvür etmək çox çətindir. Ulu Öndər respublikamıza rəhbərlik etdiyi hər iki hakimiyyəti dövründə xalqı üçün gördüyü taleyüklü işlərin əhəmiyyətinə görə Azərbaycanın bütün dövlətçilik tarixində heç kimlə müqayisə olunmayan böyük dövlət xadimidir. 
 Həyatı daim xalq və haqq yolunda mübarizədə keçən Heydər Əliyev məhz Özünün fitri istedadı, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxartmışdır. Heydər Əliyev bütün varlığıyla Azərbaycan xalqına, müstəqil Azərbaycan dövlətçiliyinə bağlı idi və O, lazım gələrsə, həyatını belə bu yolda əsirgəməzdi. Ulu Öndərin keçdiyi zəngin və şərəfli həyat yolu, xalqımızın mənafelərini qorumaq üçün bütün dövrlərdə apardığı qətiyyətli mübarizələr, gördüyü işlər, nümayiş etdirdiyi siyasi iradə və Azərbaycanın həqiqi müstəqilliyi yolunda göstərdiyi misilsiz fədakarlıqlar bunun əyani sübutudur. Məhz bütün bunların nəticəsidir ki, həyat fəaliyyətinə dövlət təhlükəsizlik orqanlarında gənc bir əməkdaş kimi başlayan Heydər Əliyev müstəqillik dövründə nəinki Azərbaycan xalqının və bütün dünya azərbaycanlılarının, eləcə də Türk dünyasının Lideri səviyyəsinə yüksəldi. Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan Heydər Əliyev epoxası bir insan ömrünə sığışmayan və hər kəsə nəsib olmayan əlçatmaz zirvə və təkrarolunmaz taledir.
Heydər Əliyev məqsədyönlü fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış, ümummilli lider statusunu qazanmışdır. Ölkəmizin bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qəbul edilir ki, bu, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin, düzgün strategiyanın, dərin islahatların ardıcıl davam etdirilməsinin nəticəsidir.
 “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. – Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 17 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur. Bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Ümummilli liderin dünyaya göz yumduğu günlərdə xalqımıza böyük təsəlli gətirmiş, sabaha inamımızı artırmış “Nə qədər ki, xalqımız var, nə qədər ki, Azərbaycan var – Heydər Əliyev də var olacaqdır” – deyimində ifadə olunmuş uzaqgörənlik və həqiqət zaman keçdikcə daha dərindən və aydın dərk olunur. İllər keçir, ulu öndərin “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” idealı həqiqətə çevrilir. Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu suveren Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri heç bir tarixi şəxsiyyətlə müqayisəolunmaz dərəcədə bö¬yükdür, çoxşaxəlidir və qiymətlidir. Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xadimi deyil, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının müstəqil dövlətçilik rəmzi və milli iftixarıdır. Bu böyük insan zəngin və geniş dövlətçilik təfəkkürünə malik olan nadir dövlət xadimlərindən biridir. Dövlətçiliyin nəzəriyyəsi ilə təcrübəsinin möhkəm vəhdətinə nail olmaq və bütün bunları özünün intellektual qabiliyyətləri ilə əlaqələndirməyi bacarmaq Heydər Əliyev fenomeninin əsaslarını təşkil edir.
Çoxəsrlik ənənələrə malik olan Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan epoxa xüsusi əhəmiyyətə malikdir. Siyasi olimpin zirvəsinə doğru inkişafda Heydər Əliyev adidən aliyə doğru bütün pillələri addım-addım keçmiş, zəngin həyat təcrübəsi əldə etmiş və mükəmməl dövlət idarəçiliyi formalaşdırmışdır.
Bu gün Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu məhz Mehriban xanımın Əliyevanın rəhbərliyi altında Azərbaycanın, eləcə də regionun ən böyük ictimai təşkilatına çevrilib.May ayının 10-u Ulu öndərimizin doğm günü ilə yanaşı, dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Fondunun da yarandığı gündür.20 il öncə yaranan Heydər Əliyev Fondu da ulu öndərin ideyalarından çıxış edərək fəaliyyəti ilə ölkədə həyata keçirilən siyasi kursun daha böyük uğur qazanmasına layiqli töhfələr verir. İctimai təşkilat olan Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan qurumdur. Bacarıqlı təşkilatçılığı, üzərinə götürdüyü vəzifəyə sadiqliyi, iradəsi, ardıcıl və qətiyyətli fəaliyyəti nəticəsində fond həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanıb. Fondun geniş spektri əhatə edən fəaliyyəti, həyata keçirdiyi çoxşaxəli layihələr hər bir azərbaycanlıya yaxşı məlumdur.    
Mehriban xanım Əliyeva görkəmli siyasi xadimdir, yüksək təşkilatçı, bacarıqlı idarəçidir, Ulu Öndər Heydər Əliyevin dövlətçilik kursunun ən fəal təmsilçilərindəndir. Ən əsası isə böyük vətənpərvər və qadın hərəkatının lideridir! Ölkənin birinci xanımı istər ictimai, istərsə də siyasi fəaliyyətində daim ulu öndərin amallarını yaşadır və təbliğ edir. Bu amallara tapınan UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva son illərdəki əzmkar fəaliyyəti ilə məhz belə bir ucalığa yüksəlmiş, cəmiyyətdə böyük nüfuz, ən əsası isə insanların sonsuz məhəbbətini, etimadını qazanmışdır.Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ilk günlərdən həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt milli genefondun qorunması, saf duyğuların ictimai şüurda möhkəmlənməsi olmuşdur.
Mehriban xanım Azərbaycan Prezidentinin dövlətçilik ideyalarından güc alır. Dövlət rəhbərimizin vətənpərvərliyi, ölkəmizin maraqlarını sədaqətlə, iradə ilə, cəsarətlə qorumağı, xalqımızla sarsılmaz birliyi Onun üçün də parlaq bir nümunədir. Bu nümunə Mehriban xanımın fəaliyyətini istiqamətləndirir.Ölkəmizdəki müsbət meyillərə, dəyişikliklərə, inkişafa, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına öz töhfələrini verməyə ruhlandırır. Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində də öz fəaliyyətini məhz bu prinsiplər əsasında qurub. Onun bu vəzifədə irəli sürdüyü və icrasına birbaşa rəhbərlik etdiyi layihələrin hər biri sosialyönümlüdür. Hər biri vətəndaşları narahat edən köklü problemlərin həllinə yönəlib.
2020-ci   ilin sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qa¬rabağ müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın çağdaş tarixinə möhtəşəm zəfər salnaməsini yazdı. Azərbaycan misilsiz Qələbə qazandı.
Bu qələbə müstəqil dövlətimizin gücünü, ölkəmizin qüdrətini, xalqı¬mızın döyüş ruhunu, qələbə əzmini dünyaya bir daha təqdim etdi. Qədimdən-qədim Azərbaycan torpa¬ğı olan Qarabağın geri qaytarılması uğrunda başladığımız müqəddəs Vətən müharibəsinin böyük qələbə ilə sona çatması çoxminillik tari¬ximizın ən parlaq səhifəsidir. Bu hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratmışdır. 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi müasir tariximizin ən möhtəşəm hadisəsidir.
Bu qələbənin siyasi, mənəvi, bəşəri mənası olduqca zəngin və ehtişamlıdır. Və ən əsas odur ki, bütün dünya Azərbaycanın bir dövlət olaraq gücünün bir daha fərqində oldu. Dünya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi, diplomatik hazırlığına, bacarıqlı dövlət rəhbəri, Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə olduğuna bir daha əmin oldu, Xalqımızın vətənpərvərliyini, milli birliyini gördü. Beynəlxalq aləm ordumuzun rəşadətinə, əsgərlərimizin igidliyinə şahidlik etdi.
Biz də özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin canlı şahidləri olduq. Gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Eyni zamanda, haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Milli tariximizi nə qədər oxusaq da, gözəl bilsək də, ona hər zaman sadiq qalsaq da, Qarabağsız bu tarix, sanki, tam deyildi. Məhz belə bir mənəvi boşluğu Ali Baş Komandanın böyük cəsarəti, qətiyyəti, Müzəffər Ordumuzun böyük ruh yüksəkliyi, döyüş hazırlığı tamamladı.
Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda, ümummilli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Ölkə başçısının uğurlu rəhbərliyi, hərbi sahədə yeniliklərin tətbiq edilməsi, hərbi texniki bazanın möhkəmləndirilməsi tarixi zəfərin, tarixi Qələbənin qazanılmasında əsas amil oldu.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan xalqı həyata keçirilən səmərəli, məqsədyönlü daxili siyasətin və müstəqil xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür. Tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir, Azərbaycan xalqını daha böyük qələbələrə aparır. Bu gün hər bir azərbaycanlının qəlbində Heydər Əliyev sevgisi dünənkindən daha güclüdür, daha parlaqdır. Nə qədər ki bu vətən var, Heydər Əliyev yaşayacaqdır, nə qədər ki, Odlar yurdu Azərbaycan var olacaqdır, ürəklərdə Heydər Əliyev məhəbbəti daha da alovlanacaqdır!
 
Elbrus Quliyev 
Zəngəzur Cəmiyyətlər birliyinin sədr müavini, 
Dövlət qulluğu təqaüdçüsü.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ