Kanadanın Bakıdakı qeyri-rezident səfiri Kevin Hemilton Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
XeberTıme.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.
"Bu gün Azərbaycan Respublikasının Müstəqillik Günüdür. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulması və Rus İmperiyasından müstəqilliyin əldə edilməsi qeyd olunur. Azərbaycan xalqına bu mühüm tarixi gün münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq", - o yazıb.
Qeyd edək ki, Kevin Hemilton Kanadanın Türkiyədəki rezident, Azərbaycanda və Gürcüstanda isə qeyri-rezident səfiridir.
İtaliyanın Azərbaycandakı Səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Bu barədə diplomatik missiyanın "X" hesabında paylaşım edilib. "İtaliyanın Bakıdakı səfirliyi dost Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir", - deyə mesajda bildirilib.
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edərək, Azərbaycan xalqını təbrik edib.
Səfir Ukraynanın strateji tərəfdaşlığı, ortaq tarixi və suverenliklə ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsini yüksək qiymətləndirib. O, Azərbaycan xalqına sülh, rifah və həmrəylik arzulayıb.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da 28 May münasibətilə paylaşım edərək bildirib ki, 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan müstəqilliyini elan edib. Səfir qeyd edib ki, bu əlamətdar günün Azərbaycan xalqı ilə birlikdə qeyd edilməsindən məmnundur və "Müstəqilliyiniz əbədi olsun! Bir kərə yüksələn bayraq bir daha enməz" deyib.
İsrailin Azərbaycandakı səfirliyi də Müstəqillik Günü münasibətilə təbrik mesajı yayıb. Səfirlik paylaşımında bu önəmli günü Azərbaycanla birlikdə qeyd etdiklərini bildirərək, ölkənin inkişaf yolunu, gücünü və nailiyyətlərini yüksək qiymətləndirib. Həmçinin xalqlar arasında sülh, rifah və dostluğun davamlı olmasını arzulayıb.
Türkiyənin Bakıdakı səfirliyi 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik mesajı yayıb.
Bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
"Kədəri və sevinci birlikdə paylaşdığımız qardaş Azərbaycan xalqının Müstəqillik Gününü canı-qəlbdən təbrik edirik", - deyə mesajda qeyd olunub.
Həmçinin vurğulanıb ki, "Bir millət, iki dövlət" şüarı ilə davam etdirilən qardaşlıq münasibətləri bundan sonra da möhkəmləndirilməyə davam edəcək.
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib.
Səfir paylaşımında Fransanın səfirliyi adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
O, Azərbaycana sülh və firavanlıq dolu gələcək arzulayıb.
"Milli günün mübarək olsun!", - deyə səfir qeyd edib.
Polşa və Niderlandın Bakıdakı səfirlikləri 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini ünvanlayıblar.
Hər iki təbrik "X" sosial şəbəkəsindəki rəsmi səhifələrdə paylaşılıb.
Polşa səfirliyinin paylaşımında qeyd edilib:
"Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə Polşanın Bakıdakı səfirliyi Azərbaycan xalqına sülh, rifah arzulayır və ən xoş arzularını bildirir. Müstəqillik Gününüz mübarək".
Niderland səfirliyi də Müstəqillik Günü münasibətilə təbrik edib.
"Bu xüsusi gündə Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırırıq", - deyə paylaşımda vurğulanıb.
XeberTıme.az