Bu gündən taksi fəaliyyəti üçün yeni dövlət rüsumları tətbiq olunur.
XeberTıme.az xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan qanuna əsasən yalnız Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulduğu hallar sırasında yer alıb. Qüvvəyə minən qanuna əsasən isə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşib.
Belə ki, yeni rüsumların aşağıdakı kimidir:
- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün - 125 manat
- bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 25 manat
- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi - 250 manat
- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 75 manat
- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi -3000 manat.
Bu gündən, həmçinin taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər qüvvəyə minib. Bu, “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanuna əsasən xüsusi hazırlığın təşkili və keçirilməsi Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Peşə Təhsili üzrə Dövlət Agentliyi qismində Elm və Təhsil Nazirliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin ediləcək. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan sənəd veriləcək. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləği Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
XeberTıme.az