Son zamanlar Bakının müxtəlif ərazilərində, xüsusilə də Binə bazarında acınacaqlı mənzərələrlə tez-tez rastlaşırıq: ana-bala, ailəvi şəkildə dilənən insanlar və onların arasında orta məktəb yaşlı uşaqlar. Bu, artıq təkcə sosial çətinlik yox, cəmiyyət üçün ciddi siqnaldır.Uşaqlar dərs vaxtı məktəbdə olmalı, bilik almalı, gələcək qurmalı olduğu halda bazarlarda, küçələrdə insanlardan pul istəməyə məcbur edilirlər. Bu vəziyyət uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Üstəlik, bir çox hallarda valideynlər uşaqları dilənçiliyə bilərəkdən cəlb edirlər.
Digər tərəfdən, son günlərdə özümün də şahidi olduğum hadisələr göstərir ki, küçələrdə yalnız dilənçilik deyil, aldatma və fırıldaqçılıq halları da artıb. Özünü tanış kimi təqdim edən, emosional yolla insanları aldadaraq “rayona gedirəm”, “pulum çatmır”, “kartına köçürəcəyəm” kimi bəhanələrlə vətəndaşların cibinə girən gənclər var. Təəssüf ki, bu cür hallarla qarşılaşanların sayı az deyil.
Bu gənclərin bir qismi sağlam, işləməyə qadir insanlardır. Onların küçədə dilənməsi və ya fırıldaq yolu tutması işsizlik və nəzarətsizlik problemini açıq şəkildə ortaya qoyur.
Problemin kökündə sosial və iqtisadi səbəblər dayanır. Ona görə də çıxış yolu da sistemli olmalıdır:
– Dövlət tərəfindən yeni iş yerləri açılmalı,
– Zavod və fabriklər fəaliyyətini genişləndirməli,
– Kənd təsərrüfatı real şəkildə inkişaf etdirilməli,
– Gənclər üçün istehsalat, peşə və mövsümi işlər yaradılmalı,
– İşləməkdən yayınanlar isə məsuliyyətə cəlb edilməlidir.
Sosial yardım küçədə verilən sədəqə ilə yox, nəzarətli və ünvanlı dövlət mexanizmləri ilə həyata keçirilməlidir. Küçədə verilən pul problemi həll etmir, əksinə onu dərinləşdirir və davamlı edir.
Aidiyyəti qurumlar – sosial müdafiə, təhsil və hüquq-mühafizə orqanları bu təhlükə siqnalını vaxtında eşitməlidir. Bu gün tədbir görülməsə, sabah bunun fəsadları daha ağır olacaq.
Küçələrdə dilənən uşaqlar da, insanları aldadan gənclər də cəmiyyətin güzgüsüdür. O güzgüdə gördüyümüz mənzərə isə bizi ciddi düşünməyə vadar etməlidir.
Rauf İLYASOĞLU