SON DƏQİQƏ

DİM bugünkü imtahan barədə məlumat yaydı - YENİLƏNİB

Tarix:21-05-2023, 16:47

Bu gün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. 
 XeberTıme.az xəbər verir ki,Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, imtahan 17 şəhər və rayonda təşkil olunub.
 
İmtahan keçirilən şəhər və rayonlarda 116 imtahan binası, 2096 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 116 ümumi imtahan rəhbəri, 342 imtahan rəhbəri, 2623 nəzarətçi-müəllim, 354 buraxılış rejimi əməkdaşı, 116 bina nümayəndəsi ayrılıb.
 
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
 
İmtahanda 30 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
 
İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (//t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.
 
Bu gün saat 15:00-da DİM-in “Youtube” vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Abituriyentlər suallarını şərhlərdə yaza bilərlər.
 
Mayın 22-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
 
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
 
***
08:40
 
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni imtahanı) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.
 
Bu barədə DİM-dən məlumat verilib.
 
Saat 11:00-də başlayacaq imtahanda 28 344 nəfərin iştirakı nəzərdə tutulur.
 
Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
 
II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil ediləcək. İmtahanların idarə olunmasına 206 ümumi imtahan rəhbəri, 609 imtahan rəhbəri, 4673 nəzarətçi–müəllim, 635 buraxılış rejimi əməkdaşı, 206 bina nümayəndəsi cəlb edilib.
 
Abituriyentlər imtahana aşağı qeyd olunan sənədləri gətirməlidirlər:
 
- İmtahana buraxılış vərəqəsi;
 
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
 
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
 
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
 
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ