Behbud Mustafayev – 120
Tanınmış maarif xadimi Behbud Məhəmmədalı oğlu Mustafayev 1903-cü ildə Şuşa qəzasının Ətyeməzli (indiki Ağdam rayonunun Ətyeməzli kəndi) kəndində anadan olmuşdur. Məqalə “Ağdamda təhsil (1883-1993)” (I kitab, Bakı, 2018) adlı monoqrafiyam əsasında hazırlanmışdır.
Behbud Mustafayev ilk təhsilini Ağdam Cümə məscidinə aid dini məktəbdə almış, 1910-cu ildə oranı bitirnişdir. Çar Rusiyası dövründə ibtidai təhsilini Ağdam şəhər məktəbində (indiki Ağdam şəhər 1 nömrəli orta məktəb) almışdır. Zaqafqaziya Müəllimlər Seminariyasına qəbul olunmuş, II kursda Şuşa müəllimlər seminariyasında təhsilini davam etdirmiş, 1925-ci ildə oranı qurtarmışdır.
Behbud Mustafayevin pedaqoji fəaliyyəti Ətyeməzli kənd orta məktəbi ilə bağlıdır. Məktəbin ilk müəllimlərindən sayılır. Uzun illər Ətyeməzli kənd orta məktəbində rus dili fənnindən dərs demişdir. Bir neçə il bu təhsil ocağının direktoru olmuşdur. Onun dini təhsili olduğu üçün ərəb dilini, şəriət elmlərini gözəl bilmişdir. Ömrünün son illərində ərəb dilini, şəriət elmlərini gənclərə tədris etmişdir.
Behbud Mustafayev 1991-ci ildə Ətyeməzli kəndində dünyasını dəyişmişdir.
Bu il Behbud Mustafayevin anadan olmasının 120 illik yubileyi tamam olur. Tanınmış maarif xadiminin həyatı, fəaliyyəti tədqiq və təbliğ olunduqca əziz xatirəsi hər zaman ehtiramla yad ediləcəkdir.
Orxan Zakiroğlu (Baharlı)