"Qalib və suverenliyi tam təmin edilmiş Azərbaycanın məzunu olmaq fəxrimdir"
AJB üzvü, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiri, "XeberTıme.az" İnformasiya Portalı çoxsaylı ictimai birliklərin fəxri üzvü, şair-publisist, 8 kitab müəllifi Sevindik Nəsiboğlu Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbindən məzun oldu.
Sevincini Versus.Az-la bölüşən Sevindik Nəsiboğlu qalib və suverenliyini tam təmin etmiş bir ölkənin məzunu olduğu üçün fəxr etdiyini söylədi.
Gənc yazarımız buraxılış imtahanlarında yüksək nəticə göstərdiyinə görə Xocavənd Rayonu İcra Hakimiyyətinin Başçıısı hörmətli Eyvaz Hüseynov tərəfindən Fəxri Fərmanla və yüksək təlim nailiyyətlərinə görə təhsil aldığı məktəbin direktoru Aidə xanım Zülfüqarova tərəfindən Təşəkkürnamə ilə təltif olundu. Fəxri fərmanı icra başçısının adından böyük məsləhətçi Eynur Hüseynov təqdim etdi və gənc yazara, eləcə də bütün məzunlara uğurlar arzuladı.

Gənc yazarın sinif rəhbəri Aynur Zeynalova da çıxışında son zəng münasibətilə məzunları təbrik etdi, dərin və səmimi müəllim duyğularını onlarla bölüşərək onlara gələcək həyatlarında müvəffəqiyyətlər dilədi.

Gənc yazar çıxışında öncə məktəbin son zəng tədbirində iştirak edən hər kəsi salamlayıb və qeyd edib ki, bu gün hərbir məzunun həyatının ən önəmli günlərindən biri, gələcək həyatlarının bünövrəsinin qoyulduğu bir gündür:

"Acılı-şirinli xatirələrini yaşadığımız, yeni-yeni dostlar qazandığımız, uşaqlığımızdan gəncliyimizə qədər bizimlə olan 11 illik orta təhsil həyatımız sona çatır. İllərlə xəyalıyla yaşadığımız arzumuz, məqsədimiz, hədəfimiz reallaşır. İndi isə növbədə Azərbaycan gənci kimi bizi yeni-yeni hədəflər, gözəl və şirin anlar, xoş xatirələr gözləyir. Biz 11 ilin yekunu olan son zəng günündə valideynlərimizdən və müəllimlərimizdən aldığımız ilhamla uğurlu sabahlara doğru olan inamımızı təzələyəcəyik. Fürsətdən istifadə edərək yaşıdlarımı bu möhtəşəm gün münasibətilə təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzu edirəm. 11 ildə bizim vətənsevər, qırılmaz tellərlə vətənə bağlı bir gənc kimi formalaşmağımızda əməyi olan hər kəsə, valideynlərimizə və müəllimlərimizə dərin təşəkkürümü bildirirəm. Allahdan onlara bizim gələcək uğurlarımızı görüb qürurlanmağı nəsib etməsini diləyirəm. Çıxışımı “Azərbaycanım” adlı şeirimdən bir parça ilə bitirmək istəyirəm:



İgidlər yetirən qəhrəman anam,
Nə həddim üstümdə haqqını danam!?
Min illər oduna qovrulam, yanam,
Bu yenə də azdır, Azərbaycanım!
Daim zirvələrdən duyulsun səsin,
Anamtək doğmadır isti nəfəsin,
Elə çiçəklən ki, görənlər desin,
Bir bahardır, yazdır Azərbaycanım.
Sevindik söyləyər bu sözü hər an,
Damarımda sənlə çağlayır bu qan,
Durduqca, durduqca bu bədəndə can,
Həmişə bizimsən, Azərbaycanım!
Ana Vətənimsən, Azərbaycanım!


Bizdə sayıtımızın direktoru Jurnalist-Pedaqoq Yeganə Telmanqızı başda olmaqla bütün əməkdaşları adından sayıtımızn ən gənc müxbiri AJB-nin üzvü, qələm dostumuz Sevindik Nəsiboğlunu ürəkdən təbrik edirik, ona möhkəm can sağlığı qarşıdan gələn illərdə yeni-yeni uğurlar arzulayırıq.
XeberTıme.az