Bu gün saat 18:00-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
XeberTıme.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 14-də DTX-nın yaydığı məlumatda cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görüldüyü bildirilib. Qeyd olunub ki, həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanıb. Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınıb və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılıb.
“XeberTıme.az”