SON DƏQİQƏ

“Qəbələnin Əbədi Qəhrəmanları” -FOTOLAR

Tarix:Dünən, 13:33

Bu günlərdə Qəbələ rayonunun “Çay Bağı” Ailəvi İstirahət Mərkəzində “İctimai Nəzarət.az” və “İctimai Nəzarət İnfo.az” xəbər portallarının direktoru, vətənpərvər ziyalı və media nümayəndəsi Gülşən Cəfərovanın müəllifi olduğu, öz şəxsi vəsaiti hesabına nəşr etdirdiyi “Qəbələnin Əbədi Qəhrəmanları” kitabının təqdimat mərasimi keçirildi.Tədbirdə şəhid ailələri, qazilər, Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri, media əməkdaşları, ictimai birlik rəhbərləri, şair və yazıçılar, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri vətənpərvər ruhlu ifaları ilə tanınan müğənni Tahirə Zülfüqarova açaraq qonaqları salamladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tahirə Zülfüqarova çıxışında qeyd etdi ki, “Qəbələnin Əbədi Qəhrəmanları” kitabı qəhrəman şəhidlərimizin həyat və döyüş yolunu gələcək nəsillərə çatdıran dəyərli nəşrlərdən biridir. O, kitabın müəllifi Gülşən Cəfərovanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdi.
Daha sonra tədbiri aparmaq üçün söz təqdim olunan kitabın redaktoru, “Həkəri” qəzetinin baş redaktoru, şair-publisist və jurnalist Rauf İlyasoğluna verildi.
O,  çıxışında kitabın ərsəyə gəlməsi, hazırlanma prosesi və əhəmiyyəti barədə geniş məlumat verdi. Bildirdi ki, kitabda Qəbələ rayonundan olan şəhidlərin həyat yolu, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlar öz əksini tapmışdır. Qeyd olundu ki, belə nəşrlər şəhidlərimizin xatirəsinin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra kitabın müəllifi Gülşən Cəfərova çıxış edərək şəhid ailələrinə və qazilərə minnətdarlığını bildirdi, bu kitabı hazırlamaqda əsas məqsədinin qəhrəman oğullarımızın xatirəsini yaşatmaq olduğunu vurğuladı.
Tədbir çərçivəsində Gülşən Cəfərova şəhid ailələrinə “Qəbələnin Əbədi Qəhrəmanları” kitabını hədiyyə etdi, həmçinin rayonun bir qrup ziyalısını, icra hakimiyyətinin nümayəndələrini  fəxri diplomlarla təltif etdi.
Daha sonra Rauf İlyasoğlu tərəfindən Qəbələnin Səsi" ədəbi yazarlar birliyinin sədri, tanınmış şairə Şəhla Xəlilqızına redaktoru və ön söz müəllifi olduğu  I qrup əlil qazi, ilahiyyatçı , "Həkəri" qəzetinin şöbə müdiri Hacı Həsən Hüseyninin  “Vətəni sevmək imandandır” və “Əbədiyyətə uçan təyyarə” kitablarını təqdim etdi . Qəbələ Rayon Mərkəzi Kitabxanasına da həmin kitablardan  hədiyyə olundu.
Uzun illər təhsil və ədəbiyyat sahəsində fəaliyyət göstərən, şair-jurnalist,  müəllim ,29 kitabın müəllifi Emin Baratoğluna KİV Həmkarlar Təşkilatının qərarı ilə Həsən bəy Zərdabi diplomu təqdim edildi. Qeyd olundu ki, Emin Baratoğlu yaradıcılığında vətənpərvərlik, milli-mənəvi dəyərlər və şəhidlik mövzularına xüsusi yer verir.
Şəhid atası, şair və vətənpərvər ziyalı Cəlil Xeyirbəyə  müəllif tərəfindən kitab hədiyyə edildi. Çıxış edən Cəlil Xeyirbəy şəhid ailələrinin yaşadığı qürur və ağrılardan danışaraq, şəhidlərimizin xatirəsinin daim uca tutulmasının vacibliyini vurğuladı.
Tədbirdə çıxış edən şairə Şəhla Xəlilqızı, şair-jurnalist Emin Baratoğlu, şəhid atası və şairlərdən  Cəlil Xeyirbəy ," Qəbələnin Səsi əbədi yazarlar birliyinin sədr müavini Mirhəsən  Ağayev, "Qanun keşiyində"  qəzetinin məsul  əməkdaşı Simuzər Mustafayeva , tədbirlərdə fəal iştirak edən vətənpərvər insan , yazıçı Elza Gülməmmədova, jurnalist, vətənpərvər ziyalı Sədaqət Qarabağlı,  görkəmli alim Qara Namazovanın  nəvəsi Günəş İlqar qızı Namazova  və digər ziyalılar kitabın nəşrini yüksək qiymətləndirərək kitabın müəllifi Gülşən Cəfərovaya, redaktoru Rauf İlyasoğluna, eləcə də "Ekoprint" mətbəəsində müdiri, dizayner Ceyhun Əliyevə  təşəkkürlərini bildirdilər. Onlar qeyd etdilər ki, belə kitablar xalqımızın qəhrəmanlıq tarixinin yaşadılmasına xidmət edir.
Tədbirin bədii hissəsində istedadlı müğənnilər Ülduzə Qədimova, Vəsilə Quliyeva, Şəlalə Şirvanlı, Tahirə Zülfüqarova və digər ifaçılar vətənpərvərlik ruhunda mahnılar və təsniflər səsləndirdilər. İfa olunan musiqi nömrələri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Tədbirdə Bakı şəhərindən gəlmiş şəhid anaları, qazilər və ictimai fəallar da iştirak edirdilər. Daim şəhid ailələrinin yanında olan Vətən müharibəsi qazisi Azər Əhmədov,   xüsusi təyinatlı kəşfiyyatçı , snayper - mina axtaran şəhidimuz Ceyhun Mustafazadənin  atası, birinci vətən müharibəsi veteranı Şükür Mustafa oğlu Adilov, 1993- cür ildə Ağdərə- Paprəvənd   istiqamətində düşmənə qarşı mərdliklə döyüşərək şəhid olmuş  Mirəli Vaqif oğlu Mirəliyevin anası Bilqeyis Xudaverdiyev,
igid qəhrəman , şəhidimiz Faiqin anası, qürurlu xanım  Rüxsarə ana  və  digər çıxış edənlər  şəhidlərimizin qəhrəmanlığından, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışdılar.
Tədbir zamanı qonaqlara samovar çayı və müxtəlif şirniyyatlardan ibarət süfrə təqdim olundu. İştirakçılar səmimi söhbət şəraitində fikir mübadiləsi apararaq şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdən sonra Gülşən Cəfərova Bakı şəhərindən gəlmiş 17 nəfər şəhid anası, qazi və qonaqlar üçün xüsusi axşam süfrəsi təşkil etdi. O, qonaqların bütün nəqliyyat xərclərini, o cümlədən gediş-gəliş avtobus haqlarını öz üzərinə götürərək yüksək vətəndaşlıq mövqeyi və humanist addımı ilə tədbir iştirakçılarının dərin rəğbətini qazandı.
Sonda tədbir iştirakçıları belə görüşlərin və təqdimatların şəhidlərimizin xatirəsinin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından böyük əhəmiyyət daşıdığını qeyd etdilər.




Rauf İLYASOĞLU

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ