SON DƏQİQƏ

MƏTBUAT DÖRDÜNCÜ HAKİMİYYƏTDİR

Tarix:Dünən, 23:32

22 İyul – Azərbaycan Milli Mətbuat Günü münasibətilə
1875-ci il iyulun 22-də böyük maarifçi, publisist və ziyalı Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının əsasını qoyaraq "Əkinçi" qəzetinin ilk nömrəsini nəşr etdirdi. Bu, təkcə bir qəzetin yaranması deyildi. Bu, xalqın maariflənməsi, milli düşüncənin formalaşması və azad söz uğrunda başlanan müqəddəs bir yol idi. Həsən bəy Zərdabinin yandırdığı maarif çırağı bu gün də yolumuzu işıqlandırır.
Təsadüfi deyil ki, mətbuat dördüncü hakimiyyət adlandırılır. Çünki mətbuat cəmiyyətin görən gözü, eşidən qulağı, düşünən beynidir. O, dövlətlə vətəndaş arasında etibarlı körpü yaradır, ictimai nəzarəti həyata keçirir, problemləri araşdırır və onların həllinə kömək edir. Sağlam tənqid dövlətə qarşı deyil, dövlətçiliyin möhkəmlənməsinə xidmət edir.
Vaxtilə çalışdığım "Respublika" qəzetində hər il 22 İyul – Milli Mətbuat Günü yüksək səviyyədə qeyd olunardı. Jurnalist əməyinə böyük hörmət göstərilər, qələm sahibinin zəhməti qiymətləndirilərdi. Təəssüf ki, son illər bu münasibətdə müəyyən dəyişiklik hiss olunur. Bəzi məmurlar müstəqil və prinsipial jurnalistlərə etimadsız yanaşır, tənqidi yazıları düşmənçilik kimi qəbul edirlər. Halbuki obyektiv tənqid dövlət idarəçiliyinin təkmilləşməsinə xidmət edən ən mühüm vasitələrdən biridir.
Digər narahatedici məqam isə prinsipial jurnalistlərin sayının getdikcə azalmasıdır. Bu gün sosial şəbəkələrdə özünü jurnalist kimi təqdim edənlərin sayı artsa da, peşə etikasına, qanunvericiliyə və faktlara söykənən jurnalistikanın çəkisi zəifləyir. Əsl jurnalist hər yazdığı cümləyə cavabdeh olur, hər faktı dəqiqləşdirir, cəmiyyət qarşısında məsuliyyət daşıyır.
Son illər sosial şəbəkələrdə, xüsusilə bəzi TikTok hesablarında yayılan bayağı və milli-mənəvi dəyərlərimizə uyğun olmayan videolar cəmiyyət üçün ciddi narahatlıq doğurur. Belə məzmunlar gənc nəslin tərbiyəsinə mənfi təsir göstərir. Peşəkar jurnalistika isə sensasiya yox, həqiqəti, məsuliyyəti və maarifçiliyi əsas tutur.
Mətbuatın üzləşdiyi iqtisadi çətinliklər də diqqətdən kənarda qalmamalıdır. Azərbaycan Nəşriyyatının təmirə bağlanmasından sonra bir çox qəzet, jurnal və xəbər saytı redaksiyaları müxtəlif ünvanlarda yüksək qiymətlərlə ofis icarəyə götürməyə məcbur oldular. Kirayə haqlarının, nəqliyyat və digər xərclərin artması redaksiyaların fəaliyyətini daha da çətinləşdirdi.
Eyni zamanda, yeni qanunvericiliyin tətbiqi və iqtisadi problemlər nəticəsində uzun illər fəaliyyət göstərmiş bir sıra qəzet və jurnallar fəaliyyətini dayandırdı və ya xeyli kiçildi. Nəticədə peşəkar jurnalistlər işsiz qaldılar, zəngin redaksiya məktəbləri zəifləməyə başladı. Halbuki güclü dövlətin güclü və peşəkar mətbuata ehtiyacı var.
Dövlətimizin mətbuat işçilərinə diqqəti və qayğısı daha da artırılmalıdır. Xüsusilə ömrünü bu peşəyə həsr etmiş jurnalistlərin sosial müdafiəsi gücləndirilməlidir. Müstəqil jurnalistlərin əksəriyyəti pensiyaya çıxarkən çox aşağı məbləğdə pensiya alırlar. Bu isə onların uzun illər cəmiyyətə göstərdikləri xidmətlə uyğun gəlmir.
Şəxsən mən 21 kitabın, yüzlərlə publisistik məqalənin və çoxsaylı şeirlərin müəllifiyəm. Buna baxmayaraq, aldığım pensiya bəzən kommunal ödənişləri və nəqliyyat xərclərini belə tam qarşılaya bilmir. Bu, yalnız mənim problemim deyil, ömrünü sözə və qələmə həsr etmiş çoxsaylı jurnalistlərin ortaq problemidir. Sosial ədalət prinsipi tələb edir ki, dövlətə və dövlətçiliyə xidmət etmiş insanların əməyi layiqincə qiymətləndirilsin.
Bu gün jurnalist cəmiyyətin problemlərini işıqlandırır, vətəndaşların səsini aidiyyəti qurumlara çatdırır, qanunçuluğun möhkəmlənməsinə, şəffaflığın və ədalətin bərqərar olmasına xidmət edir. Belə bir peşənin sahiblərinin layiqli həyat şəraiti ilə təmin olunması həm mənəvi, həm də sosial baxımdan vacibdir.
22 İyul təkcə bayram günü deyil, həm də məsuliyyət günüdür. Həsən bəy Zərdabinin ideyalarına sadiq qalmaq, azad sözün nüfuzunu qorumaq, peşəkar jurnalistikanı inkişaf etdirmək hər birimizin borcudur.
Milli Mətbuat Günü münasibətilə bütün jurnalist həmkarlarımı, redaktorları, fotojurnalistləri, operatorları, dizaynerləri və informasiya cəbhəsində çalışan bütün qələm dostlarımı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları, qərəzsiz mövqe və tükənməz qələm arzulayıram.
Qələminiz həmişə həqiqətin keşiyində dayansın!




Rauf İLYASOĞLU

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ